Azərbaycan-Fransa əməkdaşlığı müzakirə edildi


21:07     03 Oktyabr 2015 siaphoto_502989.jpg

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Fransanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində inamla irəlilədiyini qeyd edən nazir Əli Abbasov qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.

Xüsusən kosmik sahədə əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu qeyd edən nazir Fransanın bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını, Azərbaycanın da bu zəngin təcrübədən yararlandığını bildirib.

Əli Abbasov Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində ölkəmizin ilk süni peykinin fransız Kuru kosmodromundan geostasionar orbitə buraxıldığını, həmçinin yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın orbitə buraxılmasında fransız şirkətlərinin yaxından iştirak etdiyini xatırladıb, bu əməkdaşlığın növbəti kosmik layihələrdə də mümkün ola biləcəyini qeyd edib.

Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan səfir Paskal Mönye də münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəallığının artdığını qeyd edib. Azərbaycanın ilk və növbəti peykinin orbitə buraxılmasında Fransa şirkətlərinin iştirakından məmnunluq ifadə edən diplomat uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq olduğunu qeyd edərək, kosmik sənaye sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

Daha sonra nazir Əli Abbasov diplomatik fəaliyyəti dövründə münasibətlərin inkişafında göstərdiyi səylərə görə Paskal Mönyeyə təşəkkür edərək, səfirə yeni işlərində uğurlar arzulayıb.

Münasibətlərin bundan sonra da yüksək dinamika ilə inkişaf edəcəyinə əminliyini bildirən diplomat isə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Açar sözlər:

Oxunub: 908


Oxşar xəbərlər