Xalq Cümhuriyəti dövründə dini siyasət - Dindarlarla ateistlərin birgə yaşayışı...


15:26     26 Sentyabr 2018 2018/09/cumhi_1537961441.jpg

Hər bir xalqın formalaşması və təkamülü prosesində mütərəqqi fikir və ideyalar əsas səfərbəredici amil kimi çıxış edir. Bu fikir və ideyaları özündə cəm edən milli ideologiyalar olmadan ayrı-ayrı xalqların nəinki inkişafından, hətta mövcudluğundan danışmaq çətindir.


Hər hansı xalqın bütünlüyünü təmin edən birlik və həmrəylik konsepsiyasını milli ideyasız reallaşdırmaq mümkünsüzdür.

Azərbaycan xalqının milli ideologiyası onun tarixən keçdiyi yolu, tarixi adət-ənənələri, sahibləndiyi milli-mənəvi dəyərləri barədə dolğun təsəvvür yaradır. Xüsusən XIX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, maarifçilik hərəkatının genişlənməsi, cəhalət və mövhumata qarşı mübarizə məqsədilə atılan addımlar milli ideologiyamızın zənginləşməsinə mühüm töhfə olmuşdur. XX əsrin əvvəllərində türkçülük, müstəqillik, milli dövlətçilik kimi ideya və şüarların beyinlərdə hakim kəsilməsi isə xalqın milli istiqlaliyyət uğrunda mübarizəsi ilə nəticələnmişdir.

1918-ci il may ayının 28-də Tiflisdə müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi azərbaycanlıların ilk növbədə yüksək milli ideyaya və yenilikçi düşüncə tərzinə malik olmasının bariz göstəricisidir. Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz AXC dövründə xalqın demokratik hüquq və azadlıqları bərqərar edilmiş, müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınmış, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara yiyələnmiş, Milli Ordu, parlament, hüquq mühafizə orqanları, ən nəhayət, ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti yaradılmışdır.

Qeyd edilən ilklərə imza atan Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılmışdır. Doğrudur, bu qısa vaxt ərzində milli hökumət və parlament vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun tutduğu mövqe aydın idi. Belə ki, dövlətçilik tariximizdə ilk Konstitusiya aktı olan İstiqlal Bəyannaməsində dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər şəraitin yaradılması ideyasının öz təsbitini tapması, eləcə də Azərbaycanda yaşayan bütün konfessiya nümayəndələrinin parlamentdə təmsil olunması vicdan azadlığı məsələsinin cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil etməsi fikrini yaradır. Yeri gəlmişkən qeyd edək ki, ilk parlamentimiz 80 müsəlman, 10 rus, 1 alman və 1 yəhudi millət vəkili əsasında formalaşmışdır. 1918-ci ilin mart soyqırımından yarım il keçməsinə baxmayaraq, parlamentdə 21 erməni nümayəndəsi də təmsil olunmuşdur. Ozamankı tarixi şəraitdə bu faktın özü Azərbaycan xalqının demokratik təbiətinin, insan haqlarına göstərdiyi dərin hörmətinin və əsrlər boyu sahib olduğu multikultural dəyərlərə sadiqliyinin parlaq təcəssümüdür.

Xalq Cümhuriyyəti digər məsələlərdə olduğu kimi, vicdan azadlığı problemi sahəsində də demokratik mövqedə dayanaraq dinə biganə yanaşan, yaxud dini qəbul etməyənlərin cəzalandırılması və ya hüquqlarının məhdudlaşdırılması üçün tədbirlər görməmiş, əksinə, dindarlarla dinə inanmayan ateist vətəndaşların dinc, yanaşı yaşaması üçün şərait yaratmışdır. Hər kəsin istədiyi dinin qaydalarına riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların işində sərbəst iştirak etmək, habelə heç bir dini qəbul etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürmüşdür.
Tarix şahidlik edir ki, o vaxta qədər çar imperiyası azərbaycanlılar arasında dini məzhəb ayrılığını daha da dərinləşdirmək siyasəti həyata keçirmişdir. Belə ki, 1872 və 1917-ci illərdə imperiya tərəfindən azərbaycanlıları şiə və sünni olmaqla məzhəblərə parçalayan qərəzli sərəncamlar verilmiş, onların ayrıca ruhani idarələri yaradılmışdır. Məscidlərin əmlakı üzərində nəzarət və sahiblik çar Rusiyasının hakimiyyət orqanlarına məxsus olmuşdur. İş o yerə çatmışdı ki, pravoslav kilsəsinin icazəsi olmadan hər hansı məscid fəaliyyət göstərə bilməzdi.

Milli Şura Tiflisdə Azərbaycanın istiqlalını bəyan edən zaman Cənubi Qafqaz Şiə və Sünni İdarələri də bu şəhərdə yerləşirdi. Qafqazda müstəqil dövlətlərin yaradılması və bu dövlətlər arasında mövcud münasibətlər region müsəlmanlarının vahid idarədə birləşməsini demək olar ki, mümkünsüz etmişdir. Ona görə də yeni yaradılmış Azərbaycan hökuməti Cənubi Qafqaz ruhani idarələrinin Azərbaycana, Gəncə şəhərinə köçürülməsini məqsədəuyğun görmüşdür. Məhz Gəncədə 1918-ci il sentyabr ayının 1-də ilk olaraq ruhani rəhbərlər tərəfindən şiə və sünnilərin “Məşixət” adı altında vahid idarədə birləşməsi çarizmin məzhəb ayrılıqlarından istifadə edərək, Azərbaycan dindarları arasında ədavət yaratmaq niyyətlərinin iflasa uğradığını göstərmişdir. 20 avqust 1918-ci il tarixli qərar ilə yeni yaradılmış dini idarənin ştatı təsdiq edilmişdir. O dövrün tanınmış din xadimi Axund Əli Ağazadə şeyxülislam, “Əhrar” partiyasının yaradıcılarından olan Mustafa Əfəndi Əfəndizadə isə müfti təyin edilmişdir.1920-ci ilin mart ayında milli hökumət tərəfindən “Məşixət” sədrlərinə nazir köməkçiləri ilə eyni status verilməsi barədə sərəncam imzalanmışdır.

“Məşixət” hər hansı şəxsi ruhani kimi vəzifəyə təyin edərkən yerli rəhbərliyin həmin şəxs barədə rəyini, başqa sözlə desək, onun haqqında xasiyyətnaməni nəzərə almışdır. Lakin bu heç də o demək deyildi ki, təyinat mülki rəhbərliyin rəyindən asılı olaraq verilmişdir. Çar Rusiyası dövründən fərqli olaraq Xalq Cümhuriyyəti parlamentinin qəbul etdiyi yeni qanunlara görə ruhani vəzifələrə təyin etmə birbaşa ruhani idarəsinin səlahiyyətinə verilmişdir. Bu dövrdə idarə bir qurum olaraq güclənmiş və fəaliyyət sferasını genişləndirmişdir.

Milli hökumət Bakıya köçdükdən sonra sosial-iqtisadi imkanların məhdud olmasına baxmayaraq, yüksək rütbəli din xadimlərinin əməkhaqqı artırılmışdır. Dövlət tədbirlərində din xadimləri iştirak etmiş, parlament müzakirələrinə dəvət edilmişlər. Müsəlman dininə aid məsələlər müzakirə edilərkən şeyxülislam və müfti həlledici səslə hökumətin iclaslarında iştirak etməli olmuşlar. Verilmiş bu qərarlar sözsüz ki, ruhanilərin nüfuzunu qaldırmağa və məsuliyyətlərini artırmağa xidmət etmişdir.

Həmçinin erməni quldurları tərəfindən dağıdılmış məscid və dini ibadət ocaqlarının bərpasına, yenidən qurulmasına böyük qayğı göstərilmişdir. Milli hökumət qısa müddət ərzində Bakıda “Təzəpir” məscidinin, eləcə də Şəki, Gəncə, Şamaxı, Kürdəmir rayonlarında dağıdılmış məscidlərin bərpası istiqamətində müvafiq addımlar atmışdır.

Bərabərlik ideyası təhsil sahəsində də həyata keçirilmiş, ümumi ictimai təhsil, ibtidai və orta məktəblərin milliləşdirilməsi, milli azlıqların öz dillərində və rus dilində oxuması üçün qanun layihəsinin hazırlanması zəruri hesab edilmişdir. O zaman Gürcüstanda gürcü-pravoslav kilsəsinin din siyasətində aparıcı rol oynamasına baxmayaraq, Azərbaycanda dinlərin bir-birindən üstünlüyü məsələsi müzakirə mövzusu belə olmamışdır.

1918-ci il 7 sentyabr fərmanı ilə bütün ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün din və onların ana dili tədrisi tətbiq edilmiş, bu tədris üçün xərcləri dövlət öz üzərinə götürmüşdür. Həmçinin xalq maarif naziri yəhudi məktəblərinin rəhbəri Y.Baysband və E.Şapiroyanın təşkil etdikləri yəhudi dili, yəhudi xalqının tarixi və ədəbiyyatının kurslarına dinləyici yazdırmağa icazə vermişdir. Bu məktəblərə hər ay dövlət tərəfindən 10 min rubl məbləğində maliyyə vəsaiti ayrılmışdır.
Azərbaycan hökuməti tərəfindən alman koloniyalarında fəaliyyət göstərən məktəblər də dəstəklənmişdir. Belə ki, alman koloniyalarındakı müəllimlərin hər birinə hər ay 90 rubl ödənilmişdir.

Ümumiyyətlə, qeyri-müsəlman din mənsubları hərtərəfli qayğı ilə əhatələnmişdilər. Bakı Rus Pravoslav Kilsəsi, Baptist və Molokan dini cəmiyyətləri, yəhudi ravvinliyi, hətta erməni yeparxiyası da hökumət tərəfindən yardımlar almış, onların fəaliyyətinə hər cür şərait yaradılmışdır.

Dini bayram və mərasimlərin qeyd edilməsinə xüsusi diqqət ayrılmışdır. Belə ki, 1918-ci ilin sentyabr ayında Bakıya köçən milli hökumətin həyata keçirdiyi ilk tədbir Qurban bayramının qeyd edilməsi olmuşdur. İslam təqviminə uyğun olaraq cümə günləri istirahət günü elan edilmişdir.

Milad bayramı günləri, yəni dekabrın 25-26-da müvafiq dini etiqadlı dövlət qulluqçuları və şagirdlər işdən və məşğələlərdən azad olunmuşlar. Eyni zamanda hökumətin 1920-ci il müvafiq aprel sərəncamı ilə xristian etiqadlı dövlət qulluqçuları üçün Pasxa bayramı günlərində 5 gün qeyri-iş günləri hesab edilmişdir. Müsəlmanlar üçün istirahət günü cümə günü idisə, qeyri-müsəlmanlar üçün istirahət günü bazar günü idi.

AXC yarandığı gündən etibarən üç mühüm qayəni özünün həyat idealına çevirmişdir: türkçülük, islamçılıq və müasirlik. Bu ideyaların baza şəklində əksini tapdığı müqəddəs dövlət rəmzi onun 3 rəngli bayrağı olmuşdur. Təkcə bu 3 güclü amilin birləşdirilməsi özlüyündə Xalq Cümhuriyyətinin dünyəviliyə və müasirliyə olan yüksək diqqətinin göstəricisidir.

Təqdirəlayiq haldır ki, bütövlükdə Azərbaycanın hər bir şəhər və kəndində dini dəyərlərin təbliğ edildiyi məscidlərin yanında, yaxud ayrılıqda fəaliyyət göstərmiş mədrəsə və mollaxanalarda uşaqlara dinlə yanaşı, dünyəvi elmlər də tədris edilmişdir. Ümumiyyətlə, AXC dövründə qeyri-dini tədris müəssisələri şəbəkələrinin genişləndirilməsi, texniki, təbiət, hüquq sahəsində kadrların hazırlanmasına xüsusi diqqətin ayrılması, bu məqsədlə Qərb ölkələrinin tanınmış ali təhsil ocaqlarına azərbaycanlı gənclərin göndərilməsi və ən nəhayət, hökumətin tərkibində din xadimlərinin olmaması dünyəviliyi göstərən əsas amillərdir.

Hələ müstəqillik ərəfəsində yaranan İslam təmayüllü partiyalar da dünyəvi zəmində formalaşmışdır. Sırf dini zəmində yaranmış partiyalar qısa ömürlü olmuşlar. Cümhuriyyət dövründə bu partiyaların bir çoxu “İttihadi-İslam”, “Əhrar” kimi partiyaların ətrafında toplaşaraq, millətin tərəqqi ideyalarını müqəddəs İslam təlimi və milli ideya zəminində birləşdirmiş, parlament tipli partiyaya çevrilmişdilər.

Qeyd edilənlərdən belə nəticə hasil olur ki, AXC-də din əqidə idi, lakin hakimiyyət deyildi. Dövlətin idarə edilməsində din iştirak etməsə də, din dövlət tərəfindən himayə edilmişdir. Ruhani idarəsi yalnız dini işlərlə məşğul olduğundan dövlət din siyasətini hökumət orqanları vasitəsilə həyata keçirmişdir. Əvvəlcə maarif, daha sonra Fətəli xan Xoyski tərəfindən təşkil edilmiş II hökumət zamanı Himayədarlıq naziri həm də dini işlərə rəhbərlik etmişdir.

Qeyd edək ki, milli hökumət tərəfindən müasirliyə və dünyəviliyə uyğun gəlməyən bir sıra şəriət qanunları qəbul edilməmişdir. Belə ki, təhsil sisteminin dünyəviləşməsi, qızların dünyəvi məktəbdə oxuması, qadınlara seçki hüququnun verilməsi, cinayət işləri ilə bağlı iddiaların yazılması haqqında dini idarənin təklifləri hökumət tərəfindən geri qaytarılmışdır. Eyni zamanda şəriət məhkəmələrinin ləğvi və dünyəvi məhkəmə sisteminin yaradılması da AXC hakimiyyətinin müasirliyə doğru istiqamətlənən siyasi xəttinin göstəricisidir.

Azərbaycanın ən yeni tarixində Cümhuriyyətin mövcudluğunun xüsusi əhəmiyyəti ölkəmizin Sovet Sosialist Respublikaları İttifaqı tərkibində formal da olsa bərabərhüquqlu respublika kimi yer tutmaqla xalqımızın dövlətçilik ənənələrinin aradan qalxmasına imkan verməməsi və müstəqillik ideyalarını xalqımızın təfəkküründə möhkəmləndirməsi olmuşdur. Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində başlayan xalq hərəkatı zamanı meydanlarda Xalq Cümhuriyyətinin üçrəngli bayrağı yenidən dalğalandırılmış və Azərbaycan tarixi proseslərin gedişatından yararlanaraq 1991-ci ildə yenidən öz müstəqilliyinə nail olmuşdur. Müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 2-ci maddəsində bu ideya açıq-aydın öz əksini tapmışdır: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.

Xalq Cümhuriyyətinin miras qoyduğu milli dövlətçilik ənənələrinin dövrümüzədək yaşaması və reallaşması, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin bilavasitə adı ilə bağlıdır. Xatırlayaq ki, keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış xaotik vəziyyət, separatizm, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, siyasi çəkişmələr və vətəndaş qarşıdurması Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə bir dövrdə ulu öndər xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsilə ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasına nail olmuşdur. Ümummilli liderin uğurlu daxili və xarici siyasəti nəticəsində daxili stabillik təmin edilmiş, Azərbaycanın dünya dövlətləri ilə, o cümlədən beynəlxalq təşkilatlarla geniş əlaqələri qurulmuşdur. Həyata keçirilmiş müvafiq ardıcıl tədbirlərin məntiqi yekunu olaraq Azərbaycanın strateji inkişaf dinamikasının əsası qoyulmuş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir.

Azərbaycan xalqının tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər zaman xalqımızın çoxəsrlik tarixinin öyrənilməsini əsas vəzifələrdən biri kimi irəli sürmüşdür. Hələ 17 noyabr 1990-cı il tarixdə ulu öndər AXC-nin dövlət bayrağını Naxçıvan MR-in bayrağı kimi qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük inqilabi hadisə kimi qeyd etmişdir.
Xalq Cümhuriyyətinin yaranmasının 80 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1998-ci il, AXC-nin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında 22 fevral 1998-ci il və bu yubiley münasibətilə ümumrespublika mərasiminin keçirilməsi haqqında 24 may 1998-ci il tarixli sərəncamları ümummilli liderin AXC tarixinə olan xüsusi diqqətinin bariz göstəricisidir.

1998-ci il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə ulu öndər Heydər Əliyev çıxışında Xalq Cümhuriyyətinin yaranmasını Azərbaycan xalqının həyatında tarixi hadisə və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifəsi adlandırmışdır: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o gün, o il, o ay bu tarixi addımı atdılar. ...Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur”.

Ulu öndər AXC-nin yaradıcılarının və onun iki illik fəaliyyətini təmin edən bütün ziyalılarımızın - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayevin və digərlərinin Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərdiyini, xalqımızın onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad etdiyini, onların gördüyü işlərin və əziz xatirələrinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirmişdir: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur. Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisləriyik. 1918, 1919, 1920-ci illərdə Azərbaycanda əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu bu gün respublikamızda sürətlə həyata keçirilir, inkişaf etdirilir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ulu öndər kimi AXC-nin xalqımızın dövlətçilik tarixində oynadığı əhəmiyyətli rola hər zaman diqqətlə yanaşmışdır. Prezident İlham Əliyev 18 dekabr 2006-cı ildə Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında sərəncam imzalamışdır. 25 may 2007-ci ildə dövlət başçısının iştirakı ilə Bakı şəhərində İstiqlal abidəsinin açılışı zamanı dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin aprelində süqut etməsinə baxmayaraq, onun aşıladığı müstəqillik hisslərinin xalqımızın yaddaşından heç vaxt silinmədiyini, məhz ona görə də XX əsrin sonunda yenidən tarixi şans qazanmış ölkəmizin mürəkkəb siyasi vəziyyətdə öz suverenliyini və müstəqilliyini qoruyub saxlamağı bacardığını vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 fevral 2008-ci ildə AXC-nin 90 illiyinin, 22 noyabr 2013-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamlar, həmçinin AXC-nin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidənin Prezident İlham Əliyev tərəfindən 28 may - Respublika Günü ilə əlaqədar mütəmadi olaraq ziyarət edilməsi dövlət başçısının cümhuriyyətə və onun qurucularına verdiyi yüksək qiymətin bariz təcəssümüdür.

Prezident İlham Əliyevin 16 may 2017-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar 10 yanvar tarixində imzaladığı sərəncamların ictimai-siyasi, elmi-tarixi mahiyyəti xüsusilə əhəmiyyətlidir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.

Bu sərəncamlarla əlaqədar ölkədə və ölkə xaricində keçiriləcək silsilə tədbirlər Xalq Cümhuriyyəti tarixinin araşdırılmasında yeni səhifənin açılmasına xidmət edəcək və müasir Azərbaycan Respublikasının demokratik ideyaların möhkəm təməli üzərində uğurla irəlilədiyini dünyaya nümayiş etdirəcəkdir.

Mübariz Qurbanlı,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Açar sözlər:

Oxunub: 1121