MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib

MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib


20:36     04 Oktyabr 2018 18_10_04_1538670957.jpg

Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, iclasa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistan gömrük xidmətlərinin, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri qatılıb.

Tədbirdə Azərbaycan DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev təmsil ediblər.

Öncə toplantıda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsi barədə məlumat verilib. Məlumatı MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Katibliyi təqdim edib.

Sonra Özbəkistan Gömrük Xidmətinin təqdimatında "Dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları (gömrük rəsmiləşdirilməsi) və gömrük nəzarəti həyata keçirilərkən MDB üzv dövlətlərinin gömrük orqanları ilə dəmir yolu daşıyıcıları arasında qarşılıqlı əlaqəli Nümunəvi texnologiyalar layihəsi" və "MDB üzv dövlətlərin gömrük orqanlarının məlumat sistemlərinin və resurslarının informasiya təhlükəsizliyinə dair Nümunəvi tələblər" barədə məlumat verilib.

Daha sonra iclasda Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.

Bundan başqa, toplantıda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2019-cu il üçün iş planları təsdiqlənib.

İclasda Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən "MDB üzv dövlətləri gömrük xidmətlərinin Ümumdünya Gömrük Təşkilatının işində rus dilindən istifadə təcrübəsinin genişləndirilməsi üzrə ÜGT-nin pilot layihəsində iştirak haqqında", "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem Konvensiyasının rusdilli versiyasının 6-cı nəşrinə dəyişikliklər edilməsi, onun əsasında Müstəqil Dövlətlər Birliyi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası və onların şərhi haqqında" təqdimatlar da keçirilib.

Sonda MDB üzv dövlətləri Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri təsdiq edilib və bununla da iclas öz işini yekunlaşdırıb.

Açar sözlər:

Oxunub: 151