Xaricdən alınan avtomobillərin gömrük rəsmiləşdirilməsi - QAYDALAR və RÜSUMLAR

Xaricdən alınan avtomobillərin gömrük rəsmiləşdirilməsi - QAYDALAR və RÜSUMLAR


12:50     11 Oktyabr 2018 18_10_11_1539248001.jpg


Bəzi ölkələrdə avtonəqliyyat vasitələri daha ucuz olduğundan bir sıra vətəndaşlar pula qənaət etmək üçün avtomobili xaricdən almağa üstünlük verir. Lakin nəzərə almaq lazımdır ki, avtomobili Azərbaycan ərazisinə gətirmək üçün gömrük rəsmiləşdirilməsi də olmalıdır.

Femida.az Dövlət Gömrük Komitəsinin rəsmi məlumatı əsasında mövzu ilə bağlı qaydalar, rüsumlar və s. maraqlı məqamlara aydınlıq gətirib.


- Xaricdən alınan avtomobillər gömrükdən hansı qaydada keçirilir?

- Fiziki şəxslər tərəfindən gömrük ərazisinə avtonəqliyyat vasitələri gətirilərkən, gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə, qanunla müəyyən edilmiş digər tələblərə və təsdiqedici sənədlərə uyğun olaraq gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada həyata keçirilir. Gömrük ərazisinə daimi gətirilmiş avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanlarının verilməsi müvafiq gömrük orqanı tərəfindən gömrük vəsiqəsi tərtib edilməklə, “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən həyata keçirilir.

Ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin gömrük dəyəri “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir. Minik avtonəqliyyat vasitələri üçün mühərrikin həcminin hər kub santimetrinə görə aksiz vergisinə və gömrük dəyəri və ödənilməli olan gömrük ödənişlərinin cəminin 18%-i həcmində əlavə dəyər vergisinə cəlb olunurlar.

Bundan başqa mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0, 20 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 3400 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 11400 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 31400 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə 40 manat aksiz dərəcəsi müəyyənləşdirilib.



- Gömrük rəsmiləşdirilməsi olmadan ölkəyə keçirilən avtomobillər ölkə ərazisində nə qədər qala bilər və müddət bitdikdən sonra onu uzatmaq mümkündürmü?

- Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir.

Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin vətəndaşlar tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır.
Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan və ya qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələrinin (tranzit qaydada keçən avtonəqliyyat vasitələri istisna olmaqla) gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.



- İstehsal tarixinə görə, ölkələr üzrə avtomobillərin Azərbaycana buraxılması hansı qaydada qruplaşdırılır?

- “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar, 2014-cü il tarixli 2 saylı qərarına əsasən 1 aprel, 2014-cü il tarixindən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq edilir. Eyni zamanda aşağıdakı tövsiyyə olunan illər üzrə nəqliyyat vasitələrinin idxalı məqsədəuyğundur.

Avropa İttifaqına daxil olan ölkələr (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, İtaliya və s.) - 2005-ci ildən
ABŞ - 2004-cü ildən
Yaponiya - 2011-ci ildən
Çin - 2011-ci ildən
Koreya - 2006-cı ildən
Türkiyə - 2009-cu ildən.


Amin Nəzərli

Femida.az

Açar sözlər: #DGK   #gömrük   #avtomobil   #qanun   #hüquq   #femida   #vergi   #rüsum   #aksiz  

Oxunub: 8483