Hələ də Qarabağ problemini qarabağlıların problemi kimi düşünənlər var - Əziz Ələkbərli

"Hələ də Qarabağ problemini qarabağlıların problemi kimi düşünənlər var" - Əziz Ələkbərli


16:50     21 Noyabr 2018 18_11_21_1542804803.jpg


Femida.az Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, tədqiqatçı alim Əziz Ələkbərlinin modern.az-a müsahibəsini təqdim edir.

- Əziz müəllim, bir neçə ay əvvəl Azərbaycan Qaçqınlar Cəmiyyətinin keçirdiyi tədbirdə Qərbi azərbaycanlıların 1948-1953-cü illər deportasiyasının 70 illiyi və 1988-ci il soyqırımının 30 illiyi ilə bağlı məsələ qaldırdınız, sizin bu təşəbbüsünüz bir qrup QHT rəhbəri tərəfindən dəstəkləndi və hətta məsələ ilə bağlı dövlət başçısına, ictimaiyyət nümayəndələrinə də müraciətləriniz oldu.


- Tamamilə haqlısınız. Əslində bu, tək bizim məsələmiz deyil, necə ki Qarabağ və Bütöv Azərbaycan bütün dünya azərbaycanlılarının məsələsidir, Qərbi Azərbaycan məsələsi də bütün Azərbaycan xalqının məsələsidir. Tariximizə ötəri nəzər salsaq görərik ki, bir çox milli faciələrimizin kökündə xalqımıza qarşı yeridilən “parçala, hökm sür” siyasəti durub. Yüz-iki yüz il əvvəl də bu siyasət yeridilib, bu gün də yeridilir. Düşmənlər həmişə Azərbaycan xalqının birliyindən qorxublar. Bu gün də içimizdəki hansısa qara əl bu parçalanmaya xidmət edir. Dünən Qarabağı itirməyimizdə də bu siyasətin böyük rolu olub. Hələ də Qarabağ problemini qarabağlıların, İrəvan problemini irəvanlıların, Borçalı problemini borçalıların problemi kimi düşünənlər var. Bu düşüncədən qurtarmayınca, Azərbaycana nicat yoxdur.


- Çıxış yolunu nədə görürsünüz?


- Azərbaycanda ideoloji iş köklü şəkildə yenidən qurulmalıdır. Milli ideologiyası güclü olan xalqı, ölkəni heç bir qüvvə nə xaricdən, nə də daxildən dağıda bilməz. Milli ideologiyası güclü olan dövlətin prezidenti də, xalqı da qat-qat güclü, onların birliyi isə sarsılmaz olur. Götürək Qərbi Azərbaycan məsələsini. Mən bilirəm ki, cənab Prezident həm 1948-ci il deportasiyanın 70 illiyinin, həm də 1988-ci il soyqırımının 30 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə müsbət rəydədir, sübutum da var. “İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və biz o torpaqlara qayıdacağıq”, – deyən Prezident başqa fikirdə ola da bilməz. Üstəlik, bu, ulu öndər Heydər Əliyevin siyasi varislərinə və bütün Azərbaycan xalqına tövsiyəsidir. Yadınıza salın, 1997-ci ildə “Azərbaycanlıların deportasiyası haqqında” və 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” tarixi fərmanları kim imzaladı? Bu fərmanlarla azərbaycanlıların deportasiyasına və soyqırımına ilk tarixi-siyasi qiyməti kim verdi? Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı bütün həqiqətlərin ortaya qoyulması üçün ən mötəbər səviyyədə Dövlət Komissiyasını kim yaratdı? İndi bütün bunlara necə göz yummaq olar? İndi bu yubiley tədbirlərinin keçirilməsinə ehtiyac görməyənlər hansı tövsiyə və siyasi xəttə qarşı getdiklərinin fərqindədirlərmi?


- Amma “yubiley ili” başa çatmaq üzrədir, üstəlik, 1988-ci ildə Qərbi azərbaycanlıların ata-baba yurdlarından kütləvi şəkildə deportasiyasının son aktına start verildiyi noyabr ayı da bitməkdədir...


- Haqlısınız. Bu, çox utandırıcı bir məsələdir. Bu, ilk növbədə bizim bir dövlət, bir millət və fərd olaraq tarixi taleyimizə sahib çıxa bilməməyimizdən, ümummilli maraqları siyasi, region, qrup və şəxsi maraqlardan üstün tuta bilməməyimizdən irəli gəlir. Bu, milləti içindən sındırmağa, onlarda vətənə, torpağa bağlılıq hissini öldürməyə xidmət edən bir xətdir. Bu gün İrəvandakı, Göyçə-Zəngəzurdakı öz ata-baba ocağına bağlılığını itirən bir nəsil sabah Qarabağ uğrunda necə mübarizə aparacaq? Demək, bu, Qarabağın da unutdurulub, erməniyə tərk edilməsinə yönəlik bir xətdir və Azərbaycanı məhvə aparır. Buna yol vermək olmaz.


- Maraqlıdır, 1948-ci il deportasiyanın 70 illiyinin, 1988-ci il soyqırımının 30 illiyinin dövlət səviyyəsində qeyd olunmasının kimə zərəri var ki?


- Əlbəttə, Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutan heç kimə zərəri yoxdur. Əksinə, ya bilərəkdən, ya da bilməyərəkdən erməni maraqlarına xidmət edən insanlara zərəri var, Sarkisyana, Köçəryana, erməni diasporuna, erməni lobbisinə və ermənilərin beynəlxalq imicinə zərəri var. Lakin təəssüf ki, artıq uzun illərdir hansı qara əl isə indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olmasını millətə unutdurmaq siyasəti yeridir. Özü də bu siyasət hamının gözü qarşısında yeridilir. Ulu öndər Heydər Əliyevin tövsiyələrinə, cənab Prezident İlham Əliyevin siyasi xəttinə rəğmən bu siyasət yeridilir. Biz bunu illərdir Qərbi Azərbaycan qaçqınlarına müxtəlif dövlət qurumlarının münasibətində görürük. Dəfələrlə demişik ki, Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2001-ci il tarixli və bu gün də qüvvədə olan Fərmanı ilə ulu öndər Qərbi Azərbaycan qaçqınlarının qaçqınlıq statusunu birdəfəlik təsbit edib. Amma hansı dövlət qurumunun qapısını döyürsənsə, deyirlər sizin qaçqınlıq statusunuz ləğv olunub. Mən sual edirəm, Prezident fərmanından xəbəri olmayan bir şəxs necə dövlət vəzifəsinə irəli çəkilir və ona dövlət kreslosu etibar edilir? Bundan başqa, 1998-ci il sentyabrın 18-də Ulu Öndər Heydər Əliyev, 2005-ci il sentyabrın 30-da və 2008-ci il iyunun 24-də cənab prezident İlham Əliyev tərəfindən imzalanan və bu gün də qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində birmənalı şəkildə yazılmışdır ki, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqınlara Azərbaycan vətəndaşlığı verilir və onlara Azərbaycan Respublikası qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Nazirlər Kabineti cavab versin görək, hansı əsasla qüvvədə olan qanuna zidd olaraq qaçqınların bütün güzəştləri ləğv olunub?


- Məsələnin həlli üçün təklifləriniz varmı?


- Çıxış yolunu Qərbi Azərbaycan qaçqınlarına dövlət səviyyəsində münasibətə yenidən baxılmasında görürük. Həmin qaçqınların qaçqınlıq statusu və tarixi vətənlərinə qayıtmaq hüququ var və Azərbaycan hökuməti də bu hüquqlara hörmətlə yanaşmalıdır. Bizim tələblərimiz humanitar tələblərdir. Ola bilər kim isə bu insanları ən müxtəlif yol və üsullarla siyasi proseslərə qoşmaq, mərdi qova-qova namərd etmək, daha bir 20-30 il “zərərsizləşdirmək” istəyir. Amma mən bir müsahibəmdə demişəm: “Biz Qərbi Azərbaycanda böyüyən nəsil hər gün məktəbdə, iş yerində ermənilərlə Azərbaycan və Heydər Əliyev uğrunda vuruşa-vuruşa böyümüşük”. Bizdən Azərbaycan hakimiyyətinə qarşı müxalifət yaratmaq mümkün deyil. Qərbi azərbaycanlılar erməni içində Azərbaycan və Heydər Əliyev sevdalısı kimi yaşayıblar, bu gün təzədən onları siyasi oyunlara alət etmək olmaz. Amma biz öz tarixi torpaqlarımız uğrunda mübarizədən də geri durmayacağıq. O torpaqlar uğrunda mübarizə haqqımızı da heç kəsin qara qaşına-gözünə qurban vermək fikrimiz yoxdur. Cənab Prezident “o torpaqlara qayıtmaq bizim strateji hədəfimizdir” deyəndən sonra isə heç kəs bizi bu yoldan çəkindirə bilməz.

- Yubileylə bağlı qərarınız...

- Biz qərbi azərbaycanlılar artıq bu yubiley tədbirlərinin dövlət səviyyəsində keçiriləcəyinə inamımızı itirmək üzrəyik. Əgər kimlərsə bu yolla Qərbi Azərbaycan ərazisinin tarixi Azərbaycan torpaqları olmadığını, 1948-1953-cü illərdə 150 min, 1988-1991-ci illərdə isə 250 min soydaşımızın o torpaqlardan deportasiya olunmadığını sübut eləmək istəyirsə, bu yolla erməni işğalçılarının dəyirmanına su tökürsə, buyursun, bacardığını eləsin, zatən edir də. Amma cavab versin görək, bu qədər insan hansı günahın sahibidir ki, 30 il, 70 il əvvəl yaşadığı tarixi faciəni anmağı, işğal altında qalan yurdunu, ocağını, doğmalarının məzarlarını yad etməyi haqq etmir? Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda Qarabağın hər cığırında şəhid verən insanların ata-baba yurdlarını dövlət səviyyəsində yad etməyə mənəvi haqqı yoxdurmu?

Femida.az

Açar sözlər:

Oxunub: 503