Türkiyə rus səfirin qətli barədə işi məhkəməyə verdi


19:12     23 Noyabr 2018 18_11_23_1542985119.jpg

Türkiyədə Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun qətli barədə istintaq başa çatıb. Türkiyə Baş Prokurorluğu Karlovun cinayəti ilə bağlı işi məhkəməyə göndərib.
Femida.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Prokurorluğun Ankara II Ağır Cəza Məhkəməsinə göndərdiyi 608 səhifəlik iddianamədə səfirin qətlinin təşkilində təqsirləndirilən 28 nəfərin adı göstərilib. Onların sırasında 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatının lideri Fətullah Gülən də var.

İddianamədə qeyd olunub ki, səfir Andrey Karlovun qətli Gülən tərəfindən Türkiyə-Rusiya münasibətlərinə zərbə endirmək üçün törədilən təxribat olub. Bu cinayətdə təqsirləndirilən 28 nəfərə qarşı “konstitusion qaydaları pozmaq”, “silahlı terror təşkilatına üzv olmaq”, “terror məqsədli planlı qətl”, “ terror məqsədli qəsdən adam öldürməyə təşəbbüs”, “ terror məqsədli qorxu, narahatlıq və ya panika yarada biləcək tərzdə silahla atəş açmaq” maddələri üzrə ittiham irəli sürülüb. Ittihamlara müvafiq olaraq Türkiyə Baş Prokurorluğu təqsirləndirilən şəxslərə ömürlük və müxtəlif həbs cəzalarının verilməsini istəyib.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov 2016-cı ilin 19 dekabrında Ankaradakı Rusiya fotosərgisinin açılışı zamanı mühafizəçi qismində salona daxil olan keçmiş polis əməkdaşı Mövlüd Mərd Altıntaş tərəfindən odlu silahla qətlə yetirilmişdi. Cinayəti törədərkən Altıntaş “Bu, Hələbə görə qisasdır. Biz orada ölürük, sən də burada öləcəksən!”, “Suriyanı unutmayın”, Hələbi unutmayın” sözlərini işlədib. Daha sonra isə polis Altıntaşı hadisə yerindəcə öldürərək zərərsizləşdirmişdi.

Açar sözlər:

Oxunub: 421