İşıq axtarışı


16:27     20 Oktyabr 2015 12079443_894656423963950_3958145266216104686_n8.jpg


Bütün dirilişlər qaranlıqdan işığa doğru başlayır. Qaranlıqdan doğulur bütün işıqlar. Lap elə 9 ay ana bətnində qaranlıqda gözləyən körpə kimi, gündüzün gecəylə qovuşması kimi...


İşıq sabaha ümiddir, gözləntilərdir, dünənə uzanan yol, bu günün aydınlığıdır. İşıq qurtuluşun rəmzidir - çoxları ölüm ayağında “tunelin sonunda işıq gördüyünü” iddia edir. Bəlkə elə o işıqdır dünya əzablarından qurtuluşun mücəssəməsi? İşığın olmaması qaranlıq deməkdir, yəni Avestada deyildiyi kimi, "qaranlıq yoxdur, işığın olmaması var".

İşıq ümid deməkdir – bu gün Suriyadan, İraqdan qaçıb gələnlərin, Xocalıdakı o qarlı-şaxtalı gecədə qucağında körpə, səhərin açılmağını gözləyən biçarə ananın bir ovuc ümid işığına möhtac olması kimi...

İşıq istilik deməkdir – Soyuq bir havada kimsə suyun içinə girsə uzaqda bərq vuran elektrik lampasına və ya adicə Aya baxarsa bir az qızınar. Elmi cəhətdən də sübut olunub bu. Deyilənə görə, buna səbəb o işığın əslində beyinə düşüb ordan da bədənə paylanmasıdır. Deməli, hər tərəf qaranlıq olsa da işığı öncə beynimizdə yandırmağı bacarmalıyıq.

Hər kəsin içində bir işıq var. Kimisi bilmədən o işığı söndürməyə çalışır, kimisi daha da közərtməyə, kimisi də heç içindəki işığın fərqində deyil. O işıq sevgiylə böyüyər, duayla daha da parlaqlaşar, bərq vurar.

Amerikalı yazar Edit Varton deyir: “İşığı yaymağın iki yolu var: Ya şam olmaq, ya da şamın işığını əks etdirən bir ayna olmaq.” Ədalətin, həqiqətin aynası çoxdan sınıb. Aynalar da qaranlığı əks etdirir artıq. Odur ki, ən azından içimizdəki işığa sahib çıxaq.

İşığı heç kim kor qədər sevə bilməz. Bu gün kor olsaq da, ən azından işığı görən vaxtlarımız olub. Bulud günəşin qarşısını kəsəndə hər kəs qaranlıq düşdü zənn edər, lakin bilməzlər ki hər şey bir küləyin əsməsinə baxar. Gün gələr bütün çirkinliklər ifşa olunar, qaranlığı işıq əvəz edər.

Vicdan aynamızdakı işığı qoruya bilməsək də, heç olmasa içimizdəki işıqla nur saçaq qaranlıqlara, zülmət çökmüş gecələrə, kölgədə sürünən xainlərə.

Türkan Məmmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3436