• Ana səhifə / Manşet

Xəbər lenti

“Səhnədə kommunal xərcləri düşünürlər” - Aktyorla müsahibə


Tarix 10.03.16, 9:40


Bu gün Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bununla da milli teatrın əsası qoyuldu.


Femida.az-ın bu əlamətdar günlə bağlı müsahibi Azərbaycan Respublikasının əməkdar artisti, prezident mükafatçısı, Musiqili Komediya Teatrının aktyoru Əkbər Əlizadədir.

Müsahibəni oxuculara təqdim edirik:

- Milli teatrımızın bugünkü vəziyyətini qənaətbəxş hesab etmək olar?

- Əgər bu gün tamaşalar qurulursa, aktyorlarımız tamaşalara, festivallara dəvət olunursa, və nəhayət, qurulan tamaşalara tamaşaçılar gəlirsə, deməli, milli teatrımızın hazırkı vəziyyətini qənaətbəxş hesab etmək olar. Hazırda aktyorlara dövlətimiz tərəfindən böyük qayğı və diqqət göstərilir. Aktyorlarımız öz əməyinin nəticəsi kimi fəxri adlara layiq görülür, təltif olunur və mükafatlandırılır. Buna görə də düşünürəm ki, milli teatrımızın hazırkı vəziyyəti qənaətbəxşdir.

- Ötən 143 ildə qazancımız çox oldu, yoxsa itkilərimiz?

- Fikrimcə, itkilərimiz daha çox olub. İtkilərimiz hər an özünü biruzə verir. Teatr sənətində sütun adlandırdığımız sənətkarlarımızın həyatdan köçməsi istənilən halda bütün teatrlarımıza bir zərbədir. Teatr sənətinə gələn hər hansı bir gənc dahi sənətkarların yanında olmalı, onlardan öyrənməlidir. Bu halda gənclərimiz təkmilləşə bilər. Karifey adlandıra biləcəyimiz dahilərimiz isə çox təəssüf ki, həyatdan köçüb. Nəticə etibarilə deyə bilərik ki, ötən illərdə itirdiklərimiz, qazanclarımızı üstələyir...

- Bir aktyor kimi bu sahədə hansı problemlərin olduğunu düşünürsünüz?

- Mükəmməl bir tamaşa üçün aktyor peşəkarlığı ilə yanaşı mükəmməl əsərin yazılması da labüddür. Mükəmməl əsər və aktyor peşəkarlığı sonda uğurlu səhnənin təşkil olunmasına gətirib çıxarır. Bir sözlə, yaxşı əsər yazan sənətkarlar yetişməlidir. Belə əsərlərin yazılmaması əsas problemlərdəndir. Gənc aktyorlarımızın həyat şəraitinin, rifahının yüksəldilməsi üçün bina ucaldılsa, və onlar evlə təmin olunsa, bir gənc aktyor kimi çox sevinərdim. Hazırda xeyli istedadlı gənc aktyorlarımız var ki, onların mənzillə bağlı problemləri var. Qazanclarını evlərinin kirayəsini ödəməyə xərcləyirlər. Səhnəyə çıxan aktyor düşünməməlidir ki, o, kommunal xərcləri, evinin kirayəsini necə ödəyəcək. Bu, çox ciddi problemdir. Ümid edirik ki, sadaladığım problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülər.



- Dünya teatrı ilə ayaqlaşa bilirikmi?

- Bu, tamaşalardan asılıdır. Bir neçə il bundan əvvəl İranda keçirilən festivalda iştirak etdik və “o olmasın, bu olsun” tamaşasını oynamaqla, vətənimizə ilin ən yaxşı tamaşası nominasiyası ilə qayıtdıq. Həmin festivalda bir çox dünya ölkələri iştirak edirdi və biz öz ifamızla bütün dünyanın heyran qoyduq. Yəni tamaşa yaxşı olandan sonra dünya teatrı ilə ayaqlaşmaq da asand olur. Nəticə etibarilə, bu gün dünya teatrı ilə ayaqlaşa bilirik.

- Gənclərin teatra marağından danışaq...

- Gənclərimizin teatr sənətinə marağı çox aşağıdır. Teatr sənəti böyük əzmkarlıq, enerji tələb edir. Öz müşahidələrimdən çıxış edərək bildirirəm ki, gənclərimiz bu sənətin çətinliklərinə tab gətirə bilmir. Bu çətinliklər gənclərimizi bu sahədən uzaqlaşdırır. Aktyor hansısa səhnəni canlandırarkən ifa etdiyi rolla tamaşaçını inandırmalıdır. Bu, aktyorun ən ümdə vəzifəsidir. Böyük zəhmət, əzmkarlıq tələb etdiyinə görə gənclərimiz bu sahəyə o qədər də maraq göstərmirlər. Özümdən sonrakı nəsilin gənclərində teatra marağı hiss etmirəm.



- Teatrımız tamaşaçı qıtlığı çəkir?

- Düzü, çalışdığım Müsiqili Komediya Teatrında tamaşaçı qıtlığı ilə qarşılaşmamışam. Elə aktyorlar var ki, tamaşaçı az olduğuna görə ifa zamanı elə də çox enerji sərf etməməyə çalışırlar. Məndə heç vaxt belə hal yaşanmayıb. Teatr hamı üçün deyil. Teatrı hiss edən, anlayan və sevən insanların öz kontingenti. Nə yaxşı ki, teatrı sevən insanlar hələ də var.

- Hazırkı teatr səhnəmizdə Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova, Yaşar Nuri kimi sənətkarlar var?

- Onların yerini heç kəs doldura bilməyəcək. Mənə elə gəlir ki, sistem, struktur bir növ dəyişib. Məsələn, mən qızımdan soruşuram ki, məktəbdə Yaşar Nurini, Hacıbaba Bağırovu tanıyırlarmı? O, mənə bildirir ki, məktəbdə “Bozbash Pictures”dən danışılır. Mənim qızım aktyor qızı olduğuna görə dahi aktyorlarımızın hamısını tanıyır. Lakin bütövlükdə cəmiyyətimizdə insanların, gənclərin maraq dairəsi dəyişib. Düşünürəm ki, dahi sənətkarlarımızı yaşatmaq üçün, o sənətkarlarımızın silsiləsindən olan aktyorları var etmək üçün onların oynadıqları rollara müraciət etməliyik. Buna görə də mən “Mədəniyyət” kanalına təşəkkürümü bildirirəm ki, bu kimi sənətkarlarımızı həmişə xatırlayır və yaşadır.

Ceyhun Əhmədli

Xəbərin oxunma sayı : 1561










Müsahibə
img

`Ermənilər onun dişini özünə çəkdirdilər` - Xocalının canlı şahidi danışır (VİDEO)

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img