`Azərbaycanla münasibətlər dinamik inkişaf edir` - Özbək diplomat


17:20     21 Oktyabr 2016 cahangir%20aminov.jpg

Özbəkistanın Azərbaycandakı səfirliyində bu ölkədə dekabrın 4-də keçiriləcək prezident seçkiləri ilə bağlı mətbuat konfransı olub.


Femida.az-ın məlumatına görə, səfirliyin müşaviri Cahangir Amin bildirib ki, seçkilərdə dörd partiya iştirak edəcək. Bunlar Milli Demokrat, Ədalət, Liberal Demokrat və Milli Dirçəliş partiyalarıdır. Hər dörd partiya artıq öz namizədini təsdiqləyib.

Onun sözlərinə görə, seçkiləri izləmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərilib. Bunların arasında ATƏT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar var. Azərbaycanlı müşahidəçilər də seçkilərin gedişini izləyəcək. Diplomat əlavə edib ki, seçki günü Özbəkistanın Azərbaycandakı səfirliyində 5 saylı seçki məntəqəsi yaradılacaq. Məntəqə səhər saat 6-da açılacaq və axşam 8-də bağlanacaq.

Müşavir əlavə edib ki, məntəqədə təxminən 400 nəfər səs verəcək: "Bizim Gürcüstanda səfirliyimiz yoxdur və ordakı vətəndaşlarımız da burda səs verə biləcəklər. Seçki günü Bakıda olan Özbəkistandan olan turistlər də səfirlikdə səs verəcəklər. Adətən bizim göstərici 100 faiz olur".

O bildirib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər dinamik inkişaf edir və iki ölkə arasında siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək üçün böyük potensial var: “XİN-lərarası çox gözəl əməkdaşlıq var. Bir sıra nümayəndə heyətlərinin gəlməsi gözlənilir. Bu ilin noyabrında Özbəkistanda beynəlxalq meyvə-tərəvəz yarmarkası olacaq. Azərbaycandan olan şirkətlərin də orada iştirakı gözlənilir. Yarmarkada Özbəkistan məhsullarının Azərbaycana tədarükü barədə razılaşma imzalanacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1256