Keçmiş məhbuslar işlə necə təmin olunmalıdır? - Hüquqi yardım


22:55     10 Sentyabr 2017 qadin%20hebsaxan.jpg

Prezident İlham Əliyevin bu ilin martın 16-da imzaladığı sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.


Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu isə o deməkdir ki, 412 məhbus azadlığa buraxılıb.

Femida.az azadlığa qovuşan keçmiş məhkumların sonrakı taleyi, onların işlə təmin olunmaq hüquqları barədə araşdırma aparıb. Keçmiş məhbuslar azadlığa çıxdıqdan sonra hansı sahələrdə işləyə bilərlər. Qanunlarda olan boşluqlar, yaxud da qanunların icrasında olan ləngimələr azadlığa yeni çıxan şəxslərin iş tapmasına əngəl olur. Bu isə sonda təkrar cinayətlərin yaranmasına zəmin yaradır.

Misal üçün Türkiyədə “denetimli sərbəstlik hüququ” deyilən bir anlayış var. Yəni, məhbus azadlığa buraxıldıqdan sonra onun sosial əhatəsi və fəaliyyəti dövlət tərəfindən rəsmi olaraq üzərində daşıdığı elektron vasitələrlə izlənilir.

Bəs, Azərbaycanda həbsdən azad olunan şəxslərin işlə təmin edilməsi hansı qayda ilə həyata keçirilməlidir?

Mövzu ilə bağlı Femida.az -ın sualını hüquqşünas Vüqar Səfərli cavablandırıb.





“Pentenisiar müəssisələrdə cəza çəkmədən azad olunmuş şəxslərin sosial həyata adaptasiyası haqqında” AR Qanununda cəza çəkmədən azad edilmiş şəxslərə sosial yardım göstərilməsinin hüquqi, təşkilati prinsiplərini və əsas istiqamətlərini, habelə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətlərini müəyyən edir:

Həmin qanunun 11-ci maddəsinə əsasən Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində (o cümlədən kvota üzrə iş yerlərini müəyyən etməklə) tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

11.2. Cəza çəkməkdən azad edilmiş himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir.
Bundan başqa, “Məşğulluq haqqında” AR Qanununa əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyaları sırasına cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər də daxildir.

Bəs, bu ilin martına azadlığa çıxmış 423 nəfərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nə qədər məbləğ ödənilib?

Mövzu ilə bağlı Femida.az -a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, 2016-cı ildən 8 170 nəfərə birdəfəlik pul müavinəti verilib.





“ Ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik pul müavinəti ilə təmin olunurlar. Bu sahədə işlərin davamı olaraq, 2016-cı ildə nazirlik tərəfindən birdəfəlik pul müavinəti ilə təmin edilən belə şəxslərin sayı 8 170 nəfər təşkil edib. Onların hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər birdəfəlik pul müavinəti ödənilib.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ilə əfv olunan və penitensiar müəssisələrdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərin də birdəfəlik pul müavinəti ilə təmin olunması diqqətdə saxlanılır.”

Elman Babayev həmçinin qeyd edib ki, 2017-ci ilin yanvarından etibarən cəza çəkməkdən azad edilmiş şəxslərə verilən müavinət 464 manata çatdırılıb.

“Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Bununla əlaqədar penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər üçün birdəfəlik pul müavinətinin məbləği də 10,47 faiz artırılaraq cari ilin əvvəlindən 464 manata (116 x 4 = 464) çatdırılıb”

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması yönündə aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğuluq Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, habelə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 136 nəfər şəxs münasib işlərlə təmin olunub.

“Məşğulluq haqqında” Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyaları sırasına cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər də daxildir. Onlar məşğulluq orqanları tərəfindən müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təmin edilirlər.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri tamamlanmaq üzrədir. Yeni mərkəz qeyd olunan şəxslərin sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması, ümumən hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4444