Səmərqənddə “Azərbaycan Mədəniyyət günləri” keçirilir


13:42     23 İyun 2017 ozbek3.jpg

Özbəkistanın ikinci və qədim tarixə malik Səmərqənd şəhərində artıq bir həftədir ki, “Azərbaycan Mədəniyyət günləri” uğurla davam edir və bu məqsədlə ölkənin turizm mərkəzi olan Səmərqənddə milli mədəniyyətimizə dair silsilə tədbirlər keçirilir.


Femida.az -a Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyindən daxil olan məlumata görə, Səmərqənd şəhərində Azərbaycan mədəniyyətinə maraq böyükdür, burada yaşayan azərbaycanlılarla yanaşı, yerli əhali tədbirlərdə yaxından iştirak edir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı Səmərqənddə keçirilən “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində şəhərin Mərkəzi park-bulvar ərazisində “Azərbaycan milli geyimləri, Qarabağ geyimlərinin moda sərgisi keçirilib.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın təkrarsız və zəngin mədəniyyəti haqqında danışıb, Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda azərbaycanlıların yaratdığı zəngin mədəni irs barədə məlumat verib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid libasları Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları nümayiş etdirib.
Sərgidə geyimlər nümayiş etdirilərkən Qarabağ geyimləri və onların özünəməxsusluğu haqqında geniş məlumat veriilb.
Qarabağ şikəstəsinin sədaları altında mərkəzi podiumda milli geyimlərimiz və Qarabağ geyimləri nümayiş etdirilib.
Geyimlərdə əsasən Qarabağ xanları dövrünə aid zəngin Azəri qadınlarının libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları sərgilənib.
Milli ornamentlərlə, daş-qaşlarla bəzədilmiş Qarabağ zadəgan geyimləri, habelə Azərbaycan milli kəlağayıları moda sərgisinə xüsusi rəng qatıb.
Sərgidə nümayiş etdirilən hər bir geyim haqqında aparıcı xüsusi məlumat verib, onun xüsusiyyətlərini, xalqımızın mədəniyyətini, tarixini özündə əks etdirməsinə dair faktları qeyd edib.
İştirakçılara moda sərgisi çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.
Sərgiyə maraq böyük olub, Özbəkistanın mətbuatı, Səmərqənd şəhərinin yerli televiziya kanalları moda sərgisindən birbaşa reportajlar hazırlayıblar.
Qeyd edək ki, sərginin sonunda Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi liseyinin tələbə və şagirdləri Qarabağa dair musiqilər ifa ediblər.
Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Çıxışlar iştirakçıların alqışları ilə qarşılanıb.
Tədbirə Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Dövlət Universiteti, Azərbaycanın Özbəkistandakı Səfirliyi və bu ölkədəki Azərbaycan Diaspora Təşkilatı dəstək göstərib.




Açar sözlər:

Oxunub: 1691


Oxşar xəbərlər