• Ana səhifə / Manşet

Xəbər lenti

Bu,necə ad günüdür ki, səbəbkarın özü yoxdur?


Tarix 12.07.17, 12:45



Aprel döyüşləri bir çoxları kimi mənim də yaddaşımda unudulmaz izlər qoydu. Xatirələrin şirini də, acısı da əziz olur insana. Həmin xatirələrimin birində əfsanəyə çevrilən Raquf Orucovdan yazmaq istəyirəm. Düzü, qəhrəman Raquf Orucov haqqında elə şəhid olduğu dövrdə yazmaq istəyirdim. Amma müəyyən səbəblərə görə mümkün olmadı. Daha sonra aprel döyüşlərinin il dönümü ərəfəsində komandir haqqında ürək sözlərimi daha çox kütləyə çatdırmaq istəsəm də yenə alınmamışdı. Görünür, mənim komandirə bir növ açıq məktubum bu günə, onun doğum günündə qismət imiş. Bu yazımla sizə ürəyimdə olan məhəbbətimi, qəlbimdə ilişib qalan yaranı çatdırmaq istəyirəm, cənab polkovnik!


Raquf Orucov mənim üçün kimdir?

Raquf Orucov Azərbaycan Silahlı Qüvvələri tarixində şərəfi və qəhrəmanlığı ilə tarix yazan bir əfsanəvi Murov qartalıdır. Onun haqqında keçmiş zamanda danışmayacam. Bu, ən azından xüsusi həyat sevgisi ilə seçilən bir qəhrəmana haqsızlıq olardı. Çünki o hər zaman danışanda gələcəyə ümidlü olduğunu, Vətənin işğaldan azad olunacağını deyirdi.

Raquf Orucov adının əfsanəyə çevrilməsi heç də təsadüf deyil. Bu əfsanəsinin tarixçəsi hələ 1991-ci ildə Rusiyada hərbi xidmətdə olarkən Ağdamın çətin günlərini eşidib, təcili vətənə gəlməyi ilə başlamışdı. Elə ilk yarasını da doğma yurdu olan Cinli kəndi uğrunda gedən döyüşlərdə almışdı. Bu yara gənc Raqufu nəinki sarsıtmışdı. Əksinə onda düşmənə qarşı nifrəti daha da artırmışdı. Bu döyüşlər həm də gələcək kəşfiyyatçının döyüşlərdə bir təcrübə toplaması idi. İllər keçdi, Raquf Orucov artıq orduda sevdiyi və seçdiyi bir vəzifəsində işləyirdi. Müəllifi Raquf Orucov olan sirr dolu əfsanələr kitabının artıq ilk vərəqləri yazılırdı. Onun ən yaddaqalan əməliyyatlarından biri 1998 ci ildə işğal altında olan Kəlbəcərdə olmuşdu. Raquf Kəlbəcər rayonunda kəşfiyyat əməliyyatı zamanı erməni əsgərlərinin andiçmə mərasimini müşahidə edib və həmin tədbirdən gizli videoçəkiliş aparmışdı. Məhz bu qəhrəmanlığına görə Raquf Orucov hələ o zaman ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilmişdi”.

Bu səfər kifayət qədər təhlükəli olmuşdu. Hərbi sirr ola biləcəyindən ehtiyat edib, Raquf Orucovun orada göstərdiyi qəhrəmanlıqları qeyd edə bilmirəm. Amma kifayət qədər çətin relyefə malik olan aşırımları kəndirlə aşmaq məhz belə bir qəhrəman döyüşçü olmağı tələb edirdi. Raquf Orucovun döyüşçü yoldaşları ilə çəkdiyi həmin video-görüntü ordumuz üçün böyük kəşfiyyat məlumatı olmuşdu.
Raquf Orucovu əfsanələşdirən nə idi? Bu sualın həm qəliz, həm də sirrlərlə dolu bir cavabı var. Axı o hələ 1992-ci ilin yayında düşmən gülləsindən şəhid olan anasının məzarını işğal altında olan ərazilərə gedərək, ziyarət etmişdi.

Bu əfsanələr kitabı belə xatirələrlə zəngindir. Anasının işğal altında olan məzarını gizli yollarla ziyarətə gedən Orucov heç də az əziyyət çəkməmişdi. Saatlarla anasının məzarı arxasında tək ayağı üstündə, sərrast dayanmaq da böyük fiizki hazırlıq və şücaət tələb edirdi. Bütün bu əziyyətlərə qatlanmağı ona təbii ki, Murov öytərmişdi. Düzdür, Murov dağı ilə xatirələrim heç də yaxşı deyil. Nədənsə bu dağın adı çəkiləndə yadıma niskil, qar uçqunlarında şəhid olan əsgərlər,naməlum şəhid məzarı və s. düşür. Amma Raquf Orucov adının Murovla bir yerdə çəkildiyi hallarda Murova olan “hirsim” bir qədər yumşalır. Ən azından o dağlarda komandirin ayaq izləri yol salıb... O izlərlə bir çoxları gedib, yüksəkliklərə qalxanlar da olub...Əminəm ki, Murov da onu unutmayıb...

Bir günü ölümə bərabər hesab edilən Murovda can qoymaq məhz Raquf Orucov kimi qəhrəmanların taleyinə yazılmışdı. “Murovun Qartalı” adlandırılması da təsadüfi deyil. Raquf Orucov bu haqqı özü qazanmışdı. Elə dostlarının da dediyi kimi, o kabinetlərin yox, məhz səngərlərin zabiti idi... Özü də sıradan bir zabit yox, ürəkli, qorxmaz bir qəhrəman. Elə bu səbəbdəndir ki, o son nəfəsini də səngərdə, özü də sinəsindən aldığı güllə yarasından başa vurdu. Bu da təsadüfi deyil. O sinədə yerləşən ürəkdə hansı dərdlər çəkilmirdi ki?! Vətən, ana, torpaq, əsgər və s. Raquf Orucov bütün sadaladığım bu anlayışların heç birinə laqeyid qala bilməzdi.

İstərdim, onun əsgərlərinə olan xüsusi sevgisindən söz açım. Hələ o illərdə orduda zabitlə əsgər münasibətləri ümumi qaydada fərqli idi. Etiraf etməliyik ki, bu günki dövrdən fərqli olaraq əvvəlki nazirin dövründə orduda çatışmazlıqlar çox idi. Belə bir müddətdə əsgər-zabit münasibətlərinin soyuq olduğu zamanda istiliyi məhz Raquf Orucov yaratmışdı.O əsgərini hər kəsdən üstün, ucada tuturdu. Hələ o dövrdə şəxsi hesabına əsgərlərin təmizliyi üçün hamam tikdirmişdi. Bunu keçən il tam təsadüfdən görüşdüyüm bir əsgəri mənə demişdi. O əsgərini hər qayğıdan, hər zərbədən qoruyan bir komandir idi. Raquf Orucovun əsgərləri onunla bağlı xatirələrini danışdıqca qəhərlənməyə bilmirlər. Yadıma əsgərin komandiri ilə bağlı belə bir xatirəsi düşdü. Tərlan adlı əsgərin yaxşı rəsm çəkmək qabiliyyəti var imiş. O komandirə karandaşla rəsmini çəkmək istədiyi deyəndə, müsbət cavab alır. Raquf Orucov zabit-əsgər münasibətlərində bu istiliyi yaratdığı üçün əsgər sözünün yerə düşməyəcəyini bilirdi. Nəhayət, o karandaşla komandirin rəsmini çəkib qurtarır. Raquf Orucov rəsm çəkilən müddətdə ciddi görkəmdə dayanmışdı. Amma əsgər onun üzündə təbəssüm, gülərüz çəkmişdi. Komandir bunu görəndə çox təəccüblənir. “Əsgər, mən ki, gülmürdüm...”, deyə bir növ gileylənir. Əsgərsə, cavabında “Komandir, siz bizim üçün hər zaman gülərüzsünüz”, deyir. Tərlan komandiri ilə bağlı xatirələrinin çox olmasına baxmayaraq danışmaqda çətinlik çəkdiyini deyirdi. Onun Raquf Orucovla bağlı sözlərinin son cümləsinə nöqtəni göz yaşları qoyurdu. Bu sadə bir göz yaşları yox. Arxasında dayanan dağı itirən bir əsgərin fəryadı idi...
Bu cür əsgərlər, zabitlər yaşadıqca Raquf Orucov da yaşayacaq. Çünki o keçirdiyi xüsusi əhəmiyyətli əməliyyatlarla tarixdə bir tarix yazdı. O həmçinin Silahlı Qüvvələrimiz tarixində polkovnik-leytenant rütbəsində şəhid olan ilk hərbi hissə komandiri idi.

Mənim Raquf Orucovla bağlı bir qədər fərqli fikrim var. Düşünürəm ki, o ada elə şəhidlik yaraşırdı. Raquf Orucov hamı kimi adi ölümlə həyatdan köçsəydi, o Raquf Oruc olmazdı. Murov qartalının adının tarixdə qalmasına şəhidlik yaraşırdı. O tarixdə qalmaq üçün hər şeyi etmişdi. Bircə, şəhidliyi çatmırdı. Bu səbəbdən də Raquf Orucovun əfsanələr kitabının sonluğu üçün şəhidlik zirvəsi yaraşırdı.

Raquf Orucovun dəfni bu günə kimi gözümün önündədir. Hər zaman əsgərlərini arxasınca aparan komandir bu dəfə onların çiyinlərində gedirdi. Üzərində də canından çox sevdiyi müqəddəs bayraqla. Ömrümdə bu qədər izdihamlı dəfn görməmişdim. Yol kənarında düzülən insanlar onu alqışla yola salırdı. Hər kəs əfsanəvi komandirin əfsanələrindən danışırdı. Bircə susan həyat yoldaşı Sevinc xanım idi...

Raquf Orucovun dəfn günü ilə bağlı daha bir xatirəm var. Onun əsgəri olmuş Elgün mənimlə söhbətində deyirdi ki, ad günündə komandiri dəfn etmək çətin hisslərdir.O aprelin 5-də ad gününü qeyd etməyə hazırlaşdığı zaman, əziz komandirini dəfn edirdi. Əsgəri o gündən həmin tarixi ad günü kimi yox, sevimli komandirinin dəfn günü kimi qeyd etdiyini deyir...

“Vətən ana deməkdir. Bu iki məfhum bir-birindən ayrı ola bilməz.Amma mən onların hər ikisini səngərin o biri üzündə qoyub gəlmişəm...” Bu sözlər də əfsanəvi qəhrəmanıma məxsusdur. Yazımı da bu sonluqla bitirməyi özümə borc bilirəm. Çünki son söz demək hüququ hər zaman rütbələrdən, fəxri adlardan daha çox hörmətə və qiymətə layiq olan Raquf Orucova layiqdir.

Nur içində yat, xalqın Milli Qəhrəmanı, cənab polkovnik!



Miri Məcidli
Femida.az


Xəbərin oxunma sayı : 14155











Cəmiyyət
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img