• Ana səhifə / Manşet

Xəbər lenti

Hərbi prokurorun ŞƏRHİ


Tarix 07.12.17, 13:15


Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olub.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı, Əməkdar hüquqşünas, hüquq elmləri namizədi Xanlar Vəliyevin məqaləsində yer alıb. Məqalədə deyilir:

"Hazırda Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də məhkəmə-hüquq islahatlarının aparılması nəticəsində milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə dünyanın inkişaf etmiş demokratik ölkələrinin müsbət təcrübəsindən istifadə edərək yeni normativ hüquqi bazanın yaradılması idi. Bu baxımdan, 1995-2003-cü illəri hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşər.

Dövlətimiz müstəqillik əldə etdikdən sonra cəmiyyətin bütün sahələrinin müasirləşdirilməsi və demokratikləşdirilməsi məqsədi ilə ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşşəbbüsü ilə geniş sahədə köklü islahatlar aparılmağa başlanıldı. Bu islahatlar kontekstində ilkin olaraq atılan addım ulu öndərin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci ildə ilk Milli Konstitusiyamızın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatlarının əsas mərhələsinin başlanılması oldu. Konstitusiyanın qəbulu Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır. Konstitusiyada demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini tapdı. Bu inkişafın əsas komponentlərindən biri də hüququn aliliyini əldə rəhbər tutan ədalətli məhkəmə sisteminin yaradılması məqsədi ilə məhkəmə-hüquq sisteminin islahatıdır.

Ulu öndər tərəfindən əsası qoyulmuş, bugünkü həyatımızın reallıqlarını özündə əks etdirən yeni Konstitusiyada insan amilinin daha çox önə çəkilməsi və Əsas Qanunun müddəalarının üçdə birinin insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin əyani təzahürüdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüş, 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir. Qanunvericiliyə edilmiş bu dəyişiklik insan hüquqlarının qorunması sahəsində atılmış mühüm addımlardan biri idi. Müstəqil Azərbaycan dövlətçiliyi tarixində humanizm prinsiplərinin tətbiqinin əsasını qoymuş ulu öndər tərəfindən əfvetmə institutu 1995-ci ildə tamamilə fərqli şəkildə bərpa edildi. Həmin vaxt xidmət etdiyi hərbi hissələri özbaşına tərk etmiş, fərariliyə görə məhkum olunmuş təxminən 1000-ə yaxın hərbçi əfv edilmişdir. Əfv olunan hərbçilərin fərariliyinin əsasında o dövrdə ordudakı hərc-mərclik, dövlət idarəçiliyindəki naşılıq, ölkədə baş alıb gedən anarxiya – xaos dururdu. Həmin dövrdə amnistiya ilə bağlı xüsusi bir qanunvericilik olmasa da, Heydər Əliyevin Milli Məclisə təqdim etdiyi amnistiya qərarları elə hazırlanmışdı ki, xüsusi ictimai təhlükə kəsb etməyən məhkumların azadlığa buraxılmaları təmin olunurdu.

Ümumiyyətlə, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin ulu öndərin təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya haqqında” qərar 60 mindən artıq şəxsə şamil edilmişdir. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtdan indiyədək ölkəmizdə 61 əfv fərmanı, 10 amnistiya aktı qəbul edilib. Bu, hər şeydən əvvəl, Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin göstəricisidir.

Heydər Əliyev siyasi xəttinə bütün fəaliyyəti ilə öz sədaqətini nümayiş etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev də humanizm prinsiplərinə sadiq qaldığını bir-birinin ardınca imzaladığı əfv və amnistiya aktları barədə sərəncamları ilə təsdiqləyir. Bir faktı qeyd etmək yerinə düşər ki, dövlət başçısının insan hüquq və azadlıqlarının qorunmasını həyata keçirdiyi strategiyanın prioriteti hesab etməsinin nəticəsi olaraq, son 11 ildə 36 minə yaxın məhkum azadlığa buraxılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı 40 mindən çox cinayət törətmiş şəxsin öz azadlıqlarına qovuşmasına zəmin yaratmışdır. Bu əfvetmə və amnistiya aktları cinayət törəmiş şəxslərin yeni həyata başlayaraq cəmiyyətə inteqrasiyasına xidmət etmiş, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların vaxtından əvvəl islah olunması yolunda bir stimula çevrilmişdir. Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapdı.

Hazırda Azərbaycanın dünyada analoqu olmayan sürətli iqtisadi inkişafı, 1,6 milyondan artıq yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində atılan addımlar, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.

Fəxrlə qeyd olunmalıdır ki, cənab Ali Baş Komandanın rəhbərliyi altında gündən-günə qüdrətlənən Milli Ordumuzun düşmənin təxribatlarının qarşısını qətiyyətlə alması, ötən il minlərlə hektar torpağımızın işğaldan azad olunması, o cümlədən Cocuq Mərcanlı kəndinin qısa zamanda bərpası və orada aparılan misilsiz quruculuq işləri böyük qayıdışın başlanğıcı olmaqla xalqımızı yüksək qələbələrə ruhlandırır.


Cəza siyasətinin humanistləşdirilməsi dövlətimizin əsas qayələrindəndir


Məlum olduğu kimi dövlət başçısı cənab İlham Əliyevin fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirməsi nəticəsində ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür. Hələ ötən ilin may ayında ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 6 may 2016-cı il tarixli Qanunla CM-nin 37 maddəsində, o cümlədən, 20 maddənin sanksiyasında dəyişikliklər edilərək cəzalar yüngülləşdirilmiş, 18 maddədə “xeyli miqdar”ın, 24 maddədə isə “külli miqdar”ın məbləği artırılaraq həmin normalar liberallaşdırılmış, 4 maddəyə məsuliyyəti yüngülləşdirən və əməli dekriminallaşdıran yeni “qeyd” hissələri əlavə edilmişdir. Çox sevindirici haldır ki, həmin qanunun müddəaları sui-istifadə amili kimi deyil, daha ədalətli və humanist qərarların qəbul edilməsinə şərait yaradaraq, praktiki cəhətdən özünü doğrultmuşdur.

Bunun davamı olaraq ölkə başçısı tərəfindən 2017-ci il 10 fevral tarixində imzalanan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatlar mahiyyətcə hərtərəfli olmaqla, insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva etmişdir. Həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının genişləndirilməsi baxımından həbs və ya məhkum olunmuş şəxslərin hüquqlarını əhatə etməklə dövlətin sosial məsuliyyətliliyini daha da artırmışdır. Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid olunması təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud çətinliklər və zərurət məlum sərəncam əsasında önə çəkilməklə yanaşı, icrası da dövlət siyasətinin tərkib elementinə çevrilmişdir.

Cəza siyasətini həyata keçirən dövlət orqanları üçün “yol xəritəsi” rolunu oynayan proqram xarakterli sərəncamda üç əsas istiqamət müəyyən edilmişdir:

– cinayət və cinayət prosessual qanunvericiliyinin təkmilləşdirilməsi; yəni cinayət qanunvericiliyinin humanizm prinsipləri əsasında liberallaşdırılmasını, cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasını, həmçinin cinayət-prosessual qanunvericiliyinin prinsiplərinə uyğun olaraq cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi baxımından təkmilləşdirilməsi;

– cəmiyyətdən təcrid etmədən məhkumların islahını təmin edən institusional islahatların həyata keçirilməsi; başqa sözlə, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi;

– penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi; yəni cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılaraq fəaliyyətinin təşkil edilməsidir.

Konkret olaraq adıçəkilən sərəncamın 10.1-10.4-cü bəndlərinin icrası ilə bağlı cəza siyasətinin humanistləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” həmin məcəlləyə bütövlükdə 300-ə yaxın dəyişikliyi nəzərdə tutan qanun layihəsi hazırlanmış, həmin qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti Administrasiyası tərəfindən daha da təkmilləşdirildikdən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş və 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilməlidir ki, sərəncamın qəbulundan dərhal sonra Respublika Hərbi Prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət müvafiq komissiya yaradılmış, Cinayət və Cinayət-Prosessual məcəllələrinə mühüm dəyişiklikləri nəzərdə tutan yeni qanun layihələrinin hazırlanmasında yaxından iştirak edilmişdir.

Demokratik və liberal siyasətin təzahürü


20 oktyabr 2017-ci il tarixli Qanunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (bundan sonra CM) gətirdiyi yenilikləri iki qrupa ayırmaq olar.

Birincisi: cinayət məsuliyyəti və cinayət məsuliyyətindən azad etmə institutlarının, eləcə də ayrı-ayrı qəbildən olan cinayətlərin anlayışlarının təkmilləşdirilməsinə yönələn yeniliklər;

İkincisi: cəza təyin etmə və cəzadan azad etməyə dair normaların humanistləşdirilməsinə yönəlmiş yeniliklərdir.

Adıçəkilən Qanunda CM-də nəzərdə tutulmuş qəsdən böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 18 cinayət tərkibi dekriminallaşdırılmışdır. Bununla yanaşı dəyişikliyə əsasən mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə zamanı 7 maddə üzrə şəxsin zərərçəkmiş şəxslə barışmaq və ona dəymiş ziyanı tamamilə ödəmək şərti ilə cinayət məsuliyyətindən azad edilməsi müəyyən edilmişdir (CM-nin dələduzluğa görə cinayət məsuliyyəti nəzərdə tutan 178.1- ci, mənimsəmə və ya israf etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan 179.1-ci, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə cinayət məsuliyyəti nəzərdə tutan 186.1-ci maddələri və s.).

CM-nə edilmiş daha bir dəyişiklik “Mülkiyyət əlehinə olan cinayətlər” fəslində cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə vurulan ziyanın məbləği, habelə “xeyli miqdar” və “külli miqdar” məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması və tamamilə yeni “xüsusilə külli miqdar” normasının təsis edilməsi ilə bağlıdır. Belə ki, 1 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə qədər mövcud olan CM-nin 177-ci maddəsinin “Qeyd hissəsi”nə əsasən həmin Məcəllənin 177.1-ci (oğurluq), 178.1-ci (dələduzluq) və 179.1-ci (mənimsəmə və israf etmə) maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranırdısa, hazırki dəyişikliyə əsasən bu məbləğ təxminən beş dəfə artırılaraq beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Eyni zamanda əvvəlki qanuna görə CM-nin 177-187-ci, 189-cu və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə üç min manatdan yuxarı, lakin on min manatdan yuxarı olmayan məbləğ, “külli miqdar” dedikdə isə on min manatdan yuxarı olan məbləğ başa düşülürdüsə, yeni dəyişikliyə əsasən bu məbləğ əhəmiyyətli dərəcədə artırılaraq CM-nin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə isə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür.

Bundan başqa, dəyişikliyə əsasən CM-nin həmin fəslinin yuxarıda qeyd olunan maddələrinə qanunvericilikdə yeni “xüsusilə külli miqdar” norması daxil edilmişdir ki, bu da əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz min manatdan artıq olan ziyanın vurulmasını özündə ehtiva edir.

Qanuna edilən bu kimi liberal dəyişikliklər həmin qəbildən olan cinayətləri törətmiş şəxslər barəsində istintaq orqanları və məhkəmələr tərəfindən onların dövlətə və cəmiyyətə vurduqları ziyana mütənasib daha ədalətli qərar qəbul edilməsinə şərait yaradacaqdır.

Adıçəkilən qanuna dəyişikliklər edilərkən ehtiyatsızlıqdan törədilən cinayətlər də diqqətdən kənarda qalmamışdır. Ehtiyatsızlıqdan törədilən cinayətlərin arasında statistikaya görə daha çox CM-nin 263-cü, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı ilə bağlı törədilən cinayətlərə rast gəlindiyindən, həmin maddəyə əlavə edilmiş “qeyd” hissəsinin 2-ci bəndinin əhəmiyyətindən danışmaq yerinə düşərdi. Belə ki, maddəyə edilmiş müvafiq qeydə görə CM-nin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsinin nəzərdə tutulması, həm cinayət törətmiş şəxsin, həm də cinayətdən zərərçəkmiş şəxsin hüquqlarına dövlətin humanist münasibətinin təzahürü kimi qiymətləndirilməlidir.

Qanunda nəzərdə tutulan dəyişikliklərdən biri də Probasiya Xidmətinin yaradılması və elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı azadlığın məhdudlaşdırılması növündə cəzanın yeni və daha mükəmməl məzmunda bərpa edilməsidir. Belə ki, 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması cəza növü kimi nəzərdə tutulsa da, həmin cəza növünə məhkum olunmuş şəxslərin xüsusi müəssisələrdə nəzarət altında saxlanılması müəyyən edilmişdir (sonradan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 31 may 2011-ci il tarixli Qanunla həmin cəza növü CM-dən çıxarılmışdır). Lakin CM-nə edilmiş yeni dəyişikliyə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olacaqdır. Bu isə həmin cəzaya məhkum olunmuş şəxslərin öz ailə üzvlərindən və yaxınlarından ayrılmadan islah olunmalarına müsbət təsir edəcəkdir.

Eyni zamanda, CM-nin ümumilikdə 140-dan artıq maddəsinə azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilmişdir. Bundan əlavə, daha 80 cinayət normasının sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilməsi, qanuna əsasən CM-də nəzərdə tutulmuş sanksiyaların təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədlərinin azaldılması və bunun nəticəsi olaraq 35 cinayət əməlinin az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməlinin isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilməsi, cəza siyasətinin humanistləşdirilməsinə yönələn tədbirlər kimi dəyərləndirilməlidir.

Qanunda mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik mümkün qədər liberallaşdırılmışdır. Bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyi əksər hallarda maddi ziyanın vurulması ilə əlaqədar olduğundan, yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslərin vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilmələri, daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslərin isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikləri halda cinayət məsuliyyətindən azad edilmələri, eyni zamanda, zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilərək, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunmuşdur.

Qanunda nəzərdə tutulmuş konseptual məsələlərdən biri də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayətini törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edildiyindən, satış məqsədi olmadan narkotik vasitə əldə etmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməsi, şəxs sağaldıqdan sonra isə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Lakin mövcud qanunun normasından sui-istifadə edilməsinin qarşısının alınması məqsədi ilə bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə verilmişdir. Həmçinin qanuna edilən dəyişikliklə müalicədən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də öz əksini tapmışdır.

Dəyişikliklərin cinayət qanununa gətirdiyi daha mühüm bir yenilik cinayət törətmiş və azyaşlı uşaqları olan qadınların və uşağını təkbaşına böyüdən kişilərin cəzasının icrasının təxirə salınması ilə bağlıdır. Əvvəllər səkkiz yaşınadək uşaqları olan belə şəxslərin cəzasının icrası təxirə salınırdısa, indi on dörd yaşınadək uşaqları olan məhkumların cəzalarının icrası təxirə salınır. Bu dəyişiklik ölkəmizin gələcəyi olan uşaqların valideyn himayəsi altında cəmiyyətə faydalı, fiziki və ruhi cəhətdən sağlam insanlar kimi böyümələrinə imkan yaradacaqdır.

Eyni zamanda, yeni qanunda ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumların cəzalarının məhkəmə qaydasında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi üçün daha konkret tələb – onların cəza çəkdikləri dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etmələri hallarının nəzərə alınması müəyyən olunur. Bu müddəa imkan verir ki, məhkəmə həmin məhkumların cəza çəkdikləri iyirmi beş ilin istənilən dövründə deyil, yalnız son beş ilində cəzanın çəkilməsi qaydalarına əməl etmələri hallarını nəzərə alsın. Bu ilkin olaraq vəzifəli şəxslərin həmin qanunun tətbiqi zamanı sui-istifadə amillərinə yol verməsinin qarşısını əhəmiyyətli şəkildə alacaqdır.

Digər tərəfdən, belə məhkumların cəzası əvvəllər 15 ilədək müddətə azad-lıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilərdisə, indi bu müddət 10 ilədək müəyyən olunmuşdur. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumların CM-nin 57.3-cü maddəsində nəzərdə tutulan hüquqları, yəni onların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmələrinə imkan verən müddəa, nəhayət ki, gerçəkliyə çevrildi. Bununla bağlı CM-in 76.1-ci maddəsinə edilmiş dəyişiklik, habelə CM-nə əlavə edilmiş 76.4-1-ci maddə həmin məhkumların hüquqlarının təmin olunmasına yönəlmişdir.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli Qanununun mahiyyətinin düzgün dərk edilməsi və tətbiqi mexanizmlərinin dürüst müəyyən olunması məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təcrübəli əməkdaşları tərəfindən əməli köməklik göstərilərək ərazi hərbi prokurorluqlarında mütəmadi olaraq praktik təlimlərin keçirilməsi Respublika Hərbi Prokurorluğunun tədbirlər planının tərkib hissəsidir.

Qeyd olunmalıdır ki, cinayət qanunvericiliyinə edilmiş mütərəqqi əlavə və dəyişikliklər yeni qəbul edilmiş qanunun təsiri altına düşən bir sıra kateqoriya cinayətlər üzrə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə, həmçinin cəza çəkən məhkumların cəzalarının azaldılmasına və yaxud cəzadan tamamilə azad edilməsinə şərait yaradacaqdır.

Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi bu islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıraraq, hüquq sisteminin davamlı inkişafına, istintaq orqanları və məhkəmələr tərəfindən qəbul edilən qərarların daha dürüst tətbiq edilməsinə rəvac verəcəkdir".

Xəbərin oxunma sayı : 262











img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img