DİN deputatın qohumunun saxlanılması ilə bağlı iddialara münasibət bildirib


16:33     11 Noyabr 2021 21_11_11_1636633265.jpg

Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin qohumunun polis əməkdaşları tərəfindən saxlanılması iddialarına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-a bildirib ki, hansısa vətəndaşın deputat Tahir Kərimlinin qohumu olduğu üçün saxlanılması ilə bağlı nazirlikdə məlumat yoxdur.

“Bu iddiaların təfərrüatından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirəm. Kimdən, nədən bəhs edildiyi bilinmir”, - o vurğulayıb.

Qeyd edək ki, deputat T.Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birinin polis tərəfindən saxlanılaraq yoxlanıldığını deyib.

Açar sözlər:

Oxunub: 493