İkili vətəndaşlığı olan şəxsin ölkədən çıxışına qadağa qoyuldu - Hərbi xidmətə getməlidir


13:15     29 Yanvar 2019 19_01_29_1548752999.jpg


Femida.az vətəndaşların sosial problemləri ilə bağlı müraciətlərinin işıqlandırmaqda davam edir. Növbəti şikayətçimiz Ucar rayonundan olan Qafarov Rəşad Xudaverdi oğludur. 1988-ci ildə Ucarda doğulan vətəndaşin iddiasına görə, 2002-ci ildə Rusiyaya gedib. 2007-ci ildə isə Rusiya Federasiyası vətəndaşlığını qəbul edib. Bundan sonra 2 dəfə Azərbaycana gəlib gedib. 2016-cı ildə isə sonuncu dəfə anası xəstə olduğu üçün vətənə qayıdıb. R.Qafarov ölkədən çıxmaq istəyərkən, hava limanında onun çıxışına məhdudiyyət qoyulduğu bildirilib. Tələb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən olunub. Ona deyilib ki, Azərbaycanda hərbi xidmət borcu var və həqiqi hərbi xidmətə yollanmalıdır.


Vətəndaşın bildirdiyinə görə, o, 2007-2009-cu illərdə Rusiyada hərbi xidmət keçib və hərbi bilet alıb. Lakin ona Azərbaycanda da hərbi xidmət keçməli olduğu bildirilib. Rəşad iddia edir ki, 2 ildən çoxdur, Azərbaycandadır. Amma onu nə hərbi xidmətə aparırlar, nə də ölkədən çıxışına icazə verirlər.



Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Tofiq Əzizov bildirdi ki, bununla bağlı rəsmi sorğu verilməli və iş araşdırılmalıdır. Femida.az-ın sorğusundan bir neçə gün sonra münasibət bildirildi:

“Qafarav Rəşad Xudaverdi oğlunun Rusiya Federasiyasının vətəndaşı olduğu halda, Azərbaycan Respublikası ərazisindən çıxışına qadağa qoyulması və müddətli həqiqi hərbi xidmətə göndərilməməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.

Müəyyən edilmişdir ki, 02.12.1988-ci il təvəllüdlü Qafarov Rəşad Xudaverdi oğlu 17.02.2004-cü il tarixdə Xidmətin Ucar rayon şöbəsində (keçmiş Ucar rayon hərbi komissarlığında) ilkin hərbi qeydiyyata alınmış və Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırışdan yayındığına görə 17.01.2007-ci il tarixdən etibarən barəsində dəfələrlə Ucar rayon polis şöbəsinə sorğular edilmiş, 16.11.2016-cı il tarixdə sənədləri material şəklində toplanaraq rayon prokurorluğuna göndərilmişdir. Bununla yanaşı Rusiya Federasiyasının vətəndaşı olduğu barədə təqdim etdiyi sənədə aydınlıq gətirilməsi məqsədi ilə Xidmətin Ucar rayon şöbəsi tərəfindən 17.02.2014-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu məktubu göndərilmiş və alınmış 03.04.2014-cü il tarixli cavab məktubuna əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir.



Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Eyni zamanda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsinə, eləcə də Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin hərbi xidmətlə bağlı dövlət qarşısında icra edilməmiş öhdəliyinin olması, onun ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməsini zəruri edir.

Bununla da R.X.Qafarovun uzun müddət müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməsi mümkün olmadığı üçün Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilmiş və dövlət sərhədindən sərbəst hərəkətinə məhdudiyyət qoyulmuşdur.



Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.

Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələyə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmış və həmin məhkəmənin 08.11.2018-ci il tarixli, 2-1(84)-1282/2018 nömrəli qərarı ilə R.X.Qafarovun cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

Bundan əlavə R.X.Qafarovun qeyd olunan məsələ ilə bağlı iddia tələbinə Şəki Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli məhkəmə iclasında baxılması nəzərdə tutulmuşdur”.



Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə də əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elnur Kələntərov bildirdi ki, burada Miqrasiya Xidmətinin edəcəyi bir iş yoxdur:

“Bildiyiniz kimi, ölkədən çıxışa qadağanı təkcə biz qoymuruq. Bir çox qurumlar, banklar və s. də belə imtiyaza sahibdir. Odur ki, bu şəxsin çıxışına qadağa da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qoyulub. Nəticə etibarilə şəxsin ikili vətəndaşlığı varsa, o mütləq Azərbaycan Respublikasında hərbi xidmət borcunu yerinə yetirməlidir”.

Qeyd edək ki, vətəndaş R.Qafarov xaricə çıxışına qoyulmuş qadağanın aradan götürülməsi üçün Azərbaycanda da hərbi xidmət keçməyə razı olduğunu bildirir. Onun iddiasına görə, dəfələrlə Ucar rayon hərbi komissarlığına getsə də, onu hərbi xidmətə aparmayıblar:

“Məni nə hərbi xidmətə aparırlar, nə də çıxışıma olanm qadağanı ləğv edirlər. Əgər qadağa hərbi xidmətə görə qoyulubsa, mən hərbi borcumu ödəməyə hazıram. Səfərbərlik Xidməti məni hərbi xidmətə aparsın. Xidmətimi başa vurduqdan sonra da öıkədən çıxışıma qadağa götürülsün. İşim 2 ildir məhkəmədədir, uzana – uzana gedir. Heç cür yardım göstərmək istəmirlər”.



Vətəndaşın müraciətinə hüquqi yanaşmanı öyrənmək üçün vəkil məsləhətinə ehtiyac duyduq. Ziya Bağırovun Femida.az-a açıqlamasına görə, o, Azərbaycanda hərbi xidmət keçmək istəmirsə, Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir: “Vətəndaş həqiqətən Rusiyada hərbi xidmətdə olubsa, hərbi biletini və digər sənədlərini toplayıb, Dövlət Miqarsiya Xidmətinə təqdim etməli və Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq istədiyini bildirməlidir. Ola bilsin ki, bu proses bir qədər çəkəcək. Amma vətəndaş hərbi xidmət keçmək istəmirsə, birmənalı olaraq Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə yazmalıdır. O ki, qaldı onun hərbi xidmətə aparılmamasına. Onun müvafiq işi məhkəmədə olduğu üçün hərbi komissarlıq vətəndaşı hərbi xidmətə aparmır. Məhkəmə “müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbini rədd edəcəyi təqdirdə, vətəndaş məcburi şəkildə hərbi xidmətə aparılacaq. Hərbi xidmət keçdikdən sonra ölkədən çıxışına aoyulan qadağa götürüləcək.

Femida.az işin gedişatını diqqətədə saxlayacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #qanun   #hərbi   #xidmət   #Miqrasiya   #səfərbərlik   #sosial   #femida  

Oxunub: 4317