Gül dərən uşağın ölümünə səbəb oldu - MƏHKƏMƏ

Gül dərən uşağın ölümünə səbəb oldu - MƏHKƏMƏ


17:20     15 Fevral 2019 19_02_15_1550236648.jpg

Ali Məhkəmədə zərərçəkmişin ölümünə səbəb olan, sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.


Oxu.Az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, prokurorluğun kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə L.İsrafilova doqquz il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsi isə L.İsrafilovanın cəzasını azaldıb. Belə ki, onun cəzası doqquz ildən üç ilə endirilib və cəza çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Xatırladaq ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub.

Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün L.İsrafilova uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 209