Milli Qəhrəmanın xatirə turnirinə start verildi - FOTOLAR


18:56     27 Oktyabr 2015 20151027_4245757.jpg

Bu gün Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, SSRİ idman ustası, əməkdar məşqçi, mayor Əliyar Əliyevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə turnirə start verilib.


Femida.az-ın məlumatına görə, turnirin açılış mərasimində Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının, o cümlədən Əliyar Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ə.Əliyevin döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edənlər tabor komandiri Əliyar Əliyevin idmançı, məşqçi, döyüşçü kimi daim yaddaşlarda qalan mənalı ömür yolundan danışıblar. Bildirilib ki, torpaqlarımızın Ermənistanın işğalına məruz qaldığı dövrdə Əliyar Əliyev müharibənin ən qaynar nöqtələrində fədakarcasına döyüşüb. O, bir qrup döyüşçü ilə işğal altında olan Laçın rayonunun 30-dan çox məntəqəsini ermənilərdən azad edib. İgid döyüşçü 1992-ci il oktyabrın 3-də Laçın şəhərinin iki kilometrliyində, “Qanlı zəmi” adlanan ərazidə şəhid olub.

Milli Qəhrəmanın qardaşı, ehtiyatda olan zabit Rüzgar Əliyev igid döyüşçünün xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonra Müdafiə Nazirliyi tərəfindən Milli Qəhrəmanın ailəsinə xatirə hədiyyəsi təqdim edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi marşın sədaları altında turnirə start verilib.

Silahlı Qüvvələrin bütün hərbi hissə və birləşmələrinin təmsil olunduğu birincilikdə 14 komanda mübarizəyə qoşulub. Turnir oktyabrın 30-dək davam edəcək.

Qaliblərə diplom, medal, fəxri fərman və keçici kubok təqdim olunacaq.

Xatırladaq ki, Əliyar Əliyev klassik güləş üzrə dəfələrlə respublika, SSRİ çempionu adına layiq görülüb. O, beynəlxalq turnirlərin qalibi olub, mötəbər yarışlarda hakimlik edib, idmansevərlər arasında baş hakim kimi böyük hörmət qazanıb. Onun yetirmələri arasında 8 SSRİ və respublika çempionu, bir Olimpiya yığma komandasının üzvü, bir dünya çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var.

Açar sözlər:

Oxunub: 1290