Bəzi vəkillər var ki, 2 ilə yaxındır o vəsaiti ala bilmir - Kollegiya sədri

"Bəzi vəkillər var ki, 2 ilə yaxındır o vəsaiti ala bilmir" - Kollegiya sədri


12:20     04 Aprel 2019 2019/04/anar-bagirovqq_1531983330-(1)_1554366391.jpg


“Vəkillər Kollegiyası nümayəndəsinin Məhkəmə Hüquq Şurasında təmsil olunması vəkilliyə göstərilən xüsusi münasibətin təzahürüdür. VK-nın sədri kimi şurada fəaliyyət göstərərək çalışacam ki, məhkəmə hakimiyyəti ilə VK arasında olan münasibətlər, vəkillərin rastlaşdığı problemlər, fəaliyyətlərində olan nöqsanlarla bağlı, eləcə də məhkəmələrin daha səmərəli fəaliyyəti üçün bütün müzakirələrdə öz fikrimi bildirim”.

Bu sözləri Femida.az-a açıqlamasında Məhkəmə Hüquq Şurasına yeni üzv seçilən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Sədr ötən gün ölkə başçısı tərəfindən imzalanan və məhkəmə hüquq sistemində islahat xarakteri daşıyan fərmanla bağlı danışıb. O, fərmanın vəkillik üçün böyük önəm daşıdığını vurğulayıb:

“Vəkilliyin üzərinə çox böyük məsuliyyət düşür. Dövlət hesabına hüquqi yardım üçün ödənişlərin birbaşa VK-nın hesabına köçürlüməsi ilə bağlı Cənab Prezidentin tapşırığı çox mühüm tapşırıqdır. Beləliklə illərdir vəkillərin yerli icra hakimiyyəti orqanları tərəfindən vəsaitini almaq üçün məruz qaldığı süründürməçilik halları aradan qaldırılacaq.

İndiki qaydalara görə, bu vəsait yerli icra hakimiyyəti orqanlarının maliyyə idarələrinə köçürülürdü. Son 1 il ərzində apardığımız araşdırmalara görə, bəzi vəkillər var ki, 2 ilə yaxındır o vəsaiti ala bilmir. Bildiyiniz kimi bu vəsait vəkilin xidmət göstərdiyi hər saata görə ötən il 2 manatdan 6 manata qaldırıldı. Onların bu vəsaiti vaxtında ala bilməməsi haqlı etirazlarına səbəb olurdu. Bu həm də vəkilin göstərdiyi hüquqi yardımın keyfiyyətinə təsir edirdi. Təsəvvür edin, vəkil işə çıxır, amma pulunu ala bilmir. Vəkil haqqı olan məbləği ala bilmirsə, bu hüquqi yardım səmərəsiz sayılır”.

“Bu islahat vəkillər üçün niyə bu qədər önəmlidir?” sualına isə Anar Bağırov belə cavab verib:

“Bu təkcə vəkillər üçün yox, aztəminatlı, hüquqi yardıma ehtiyacı olan şəxslər üçün önəmlidir və onlara böyük imkanlar yaradacaq. Fərmanın 13-cü bəndinin icrası nəticəsində dövlət hesabına hüquqi yardım institutuna yeni nəfəs gələcək. Mən çox şadam ki, bizim səsimiz eşidildi. Möhtərəm prezidentimiz bu məsələdə VK-nın rolunun artırılması barədə qərar qəbul etdi. Biz də çalışacağıq ki, Kollegiyada bu sahə üzrə şəffaf bir mexanizm yaradılsın. Dövlət hesabına xidmət göstərən vəkillərin vaxtında işə çıxması, saatların hesablanması, vəsaitin vaxtında alınması və s. bütün bunlara tərəfimizdən tədbirlər görüləcək”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #vəkillər_kollegiyası   #hüquq   #fərman   #qanun   #prezident   #məhkəmə   #Anar_Bağırov  

Oxunub: 2638