Azərbaycan Burundi qaçqınlarına yardım edib


18:49     22 Aprel 2019 XİN.jpg

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikası Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.

Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.

Qeyd edək ki, BMTQAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlamış, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət edib.


Femida.az

Açar sözlər:

Oxunub: 380