Nazir Ağcabədidə vətəndaşları qəbul edib


20:43     21 İyun 2019 19_06_21_1561134158.jpg

Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.

Femida.az xəbər verir ki, nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, içməli və suvarma suyu ilə təminat, kənd yollarının təmiri və tikintisi, güzəştli kreditlərin, müalicə-kurort fəaliyyəti üçün lisenziyanın verilməsi, arıçılıq və süd məhsullarının satışına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.


Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, əkinçilik, balıqçılıq, baramaçılıq və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Ümumilikdə qəbullarda 90-a yaxın vətəndaş müraciət edib.

Vətəndaş qəbulu çərçivəsində Şahin Mustafayev “Ağcəbədi-taxıl” aqroparkında olub, aparılan işlərlə yerində tanış olub. Ərazisi 3000 hektar olan aqroparkın 1500 hektarlıq ərazisində taxıl əkilib. Hər hektardan məhsuldarlıq 45-50 sentnerdir. Artıq aqroparkda 6 min ton buğda və 5 min ton arpa yığılıb. Hazırda isə taxıl biçini davam edir və biçilmiş sahədə dənli qarğıdalı əkini aparılır.

Qeyd edək ki, aqroparkda 30 min tonluq taxıl anbarı var.

Açar sözlər:

Oxunub: 452