50 şəhid ailəsi və müharibə əlilinə ev verildi

50 şəhid ailəsi və müharibə əlilinə ev verildi


17:45     27 İyul 2019 2019/07/D120C257-96EA-4106-B378-91ADF6F4487D_1564235757.jpeg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış 50 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Femida.az -a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımlar atılır. Bu kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib, bu il isə azı 800 mənzil verilməsi planlaşdırılıb. Onlardan bu gün təqdim edilən mənzillər də daxil olmaqla artıq 110 mənzil verilib. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6764 mənzil təqdim edilib.

A.Kərimov müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. Bildirib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 200-ü təqdim edilib. Beləliklə, indiyədək 6350-dək avtomobil müharibə əlillərinə istifadəsinə verilib.

Nazir müavini diqqətə çatdırıb ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub, onların sırasında şəhid ailələri və müharibə əlilləri də var. Belə ki, həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin, pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib.

İctimai təşkilatların rəhbərləri Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin rifahı naminə görülən işlərin, eyni zamanda onların mənzillə təmin edilmələrinin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir təzahürü olduğunu qeyd ediblər.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini məmnunluq hissi ilə vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi üçün atılan mühüm addımlara, bu gün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 211