Azərbaycan pambıq yığımına hazırdır
15:46 05 Sentyabr 2019
Respublikada pambıq yığımına son hazırlıq işləri həyata keçirilir. Cari il ərzində pambıqçılıq rayonlarında əkilən pambığın becərilməsi üçün bütün qüvvələrdən maksimum istifadə edilib və fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılıb.
“Aqrolizinq” ASC-dən Femida.az-a verilən məlumata görə, "Aqrolizinq" tərəfindən pambıqçılıq sahəsində ixtisaslaşmış hüquqi və fiziki şəxslər vaxtlı vaxtında texniki vasitələrlə, mineral gübrələrlə təmin edilib, xüsusilə də pambıq əkini həyata keçirildikdən sonra sahələrin pambıq sovkası və pambıq mənənəsi kimi zərərvericilərdən qorunmasını təmin etmək məqsədi ilə pestisid və insektisidlərin 70 faiz güzəştlə satışı həyata keçirilib. Eyni zamanda, əkin prosesini sürətləndirmək məqsədi ilə mexanizatorlar üçün sürücülük kursları təşkil olunub və kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim edilib.
Son hazırlıq işləri ilə əlaqədar olaraq, pambıq əkini sahələri yığıma hazırlanır, sahə kənarları hamarlanır, şirkətlər və “Aqrolizinq” ASC-yə məxsus pambıq yığımında və daşınmasında istifadə edilən kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.
Hazırda ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123 ədədi “Aqrolizinq” ASC-nin, 288 ədədi isə özəl şirkətlərin payına düşür. Bundan başqa, “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur. Cari ildə respublika üzrə 21 rayonda 100 111,7 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 240,8 hektarı hüquqi şəxslərə, 3 870,89 hektarı fiziki şəxslərə məxsusdur.
Yığım mövsümündə pambıqçılıq sahəsində ixtisaslaşmış hüquqi şəxslərə pambıq yığımını vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün regional nümayəndəliklərimizin və rayon bölmələrimizdən 123 ədəd pambıqyığan kombaynın işlərə cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, artıq pambıqçılıq rayonlarında becərmə ilə bağlı bütün proseslər başa çatdırılıb və yığıma hazırlıq prosesi gedir. İlkin olaraq, pambıqyığan kombayna məhsulun toplanacağı sahələrdə defolyasiya işlərinə başlanılıb. Belə ki, yığımdan əvvəl pambıq kollarında yarpaqlarının tökülməsi üçün defolyant vurulur, 10-12 gün sonra isə pambıqyığan kombaynlar yığıma başlayır.
Hazırda “Aqrolizinq" ASC-nin rayon bölmələrinin gübrə anbarlarında biostimulyatorlar, defolyasiyanı həyata keçirmək üçün defolyantlar dövlət tərəfindən müəyyən edilmiş 70 faiz güzəştlə pambıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə satışı həyata keçirilir.
Femida.az
Oxunub: 727
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)