İsrail vətəndaşlarına niyə Azərbaycana gəlməyi məsləhət görməyib? - Səfirlikdən AÇIQLAMA


13:28     27 Sentyabr 2019 19_09_27_1569576584.jpg


İsrailin Milli Təhlükəsizlik üzrə Konsulluğu əhaliyə müraciət edərək, sentyabr-oktyabr aylarında qeyd olunan üç milli bayram günlərində bir çox ölkəyə, o cümlədən Azərbaycana getməməyi tövsiyə edib.


Femida.az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, Misir, Türkiyə və İordaniyada yəhudilərə hücum çağırışlarına həssas qruplar var, həmin ölkələrə səfər təhlükəlidir.

Dövlət Konsulluğu İsrail vətəndaşları üçün riskli ölkələr siyahısında Azərbaycan, Gürcüstan, Ermənistan və Türkmənistanın da adını qeyd edib.

Azərbaycan və İsrail arasında yaxşı münasibətlər olduğunu nəzərə alsaq, sözügedən ölkələr arasında Azərbaycanın da olması təəccüb doğurur. Məsələ ilə bağlı İsrailin Bakıdakı səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin mətbuat xidmətinin rəhbəri Sahilə Mustafayeva Femida.az-a açıqlamasında bildirdi ki, bu tamamilə İsrail Milli Təhlükəsizlik Konsulluğunun səlahiyyətində olan məsələdir:

"Bu məlumat çoxdan var və İsrail Milli Təhlükəsizlik Konsulluğu tərəfindən qəbul edilib. Məsələ ilə bağlı səfirliyin hər hansı rəsmi münasibət bildirməsi düzgün deyil. Təəssüf ki, heç bir informasiya verə bilməyəcəm. Bu barədə məlumatı Təhlükəsizlik Konsulluğunun saytından əldə edə bilərsiz".

Qeyd olunan qurumun saytına (http://www.nsc.gov.il) daxil olsaq da, saytın ingilis dili versiyası işləmədiyindən qeyd olunan məlumatı tapmaq mümkün olmadı.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #İsrail   #siyasət   #Azərbaycan  

Oxunub: 2136