“Texnikabank” işi ilə bağlı yeni xəbər


22:22     17 Noyabr 2015 105001_src63.jpg

81 nəfərin pulunu mənimsəyən bankirin işi yenidən apelyasiya məhkəməsinə qaytarıldı.


Ali Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifovun atası Zakir Yusifovun kasasiya şikayətinə baxılıb.

Femida.az xəbər verir ki, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib.

Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib. Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib.

Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra işə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Bu dəfə apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrlik etdiyi prosesdə baxılıb. Hakimlər Zakir Yusifovun apelyasiya şikayətini təmin etməyiblər. Belə nəticəyə gəliblər ki, həmin əmlakların müsadirə edilməsi ilə bağlı çıxarılan qərar ədalətlidir. Həmin əmlaklar hərrac yolu ilə satılmalı və vətəndaşlara dəymiş ziyanın ödənilməsi düzgün hesab edilib.

Amma Zakir Yusifov məhkəmənin qərarından kasasiya şikayəti verərək mülkünün müsadirə edilməməsini və Ağır Cinayətlər Məhkəməsinin mülklərin müsadirə edilməsi, zərərçəkmişlərə dəymiş ziyanını ödənilməsi ilə bağlı qərarın ləğvini istəyib.

Zakir Yusifovun şikayətinə hakim Akif İsgəndərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti Bakı Apelyasiya Məhkəməsinin qərarını növbəti dəfə ləğv edərək, işin yenidən apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Zal Yusifovun məhkəmənin qərarı ilə müsadirə olunması üçün əmlakları hərraca çıxarılmasına yönəldilib. Artıq bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi bununla bağlı Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsinə məktubla müraciət olunub. Artıq Zal Yusifovun müsadirə olunan əmlakının satılması üçün tədbirlər görülməyə başlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl Xəzər Rayon Məhkəməsində 81 nəfərin pulunu mənimsəyən “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsi təmin edilməyib.

İslam Yusifov apelyasiya şikayəti verərək vaxtından əvvəl azadlığa çıxarılmasını istəyib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini istəyib. İslam Yusifovun şikayətinə bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılıb. Martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilib.

İslam Yusifovun azadlığa çıxması ilə bağlı qərar qəbul edilib. Həmin qərardan sonra İslam Yusifov dərhal azadlığa buraxılıb.

Baş Prokurorluq kasasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə İslam Yusifovun barəsində ittiham hökmü çıxarılması üçün Baş Prokurorluğun protesti təmin edilib.

Apelyasiya instansiyasında bu dəfə işə baxan hakimlər İslam Yusifovun şikayətini təmin etməyiblər. Buna görə də İslam Yusifov məhkəmə zalından həbs edilərək cəza çəkmə müəssisəsinə göndərilib.

İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət edib. İslam Yusifovun kasasiya şikayəti hakim Gülüzar Rzayevanın icraatına verilib. Yaxın günlərdə İslam Yusifovun kasasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası təyin olunacaq.

Açar sözlər:

Oxunub: 1134