Məhkəmə sistemində aparılan islahatların tərkib hissəsi: Mediasiya haqqında qanun nəyi nəzərdə tutur?


10:30     28 Noyabr 2019 2019/11/2o7jd8Ll-j6m-OhR0eqs5i9w2RpagyvX_1574922867.jpg


Ölkəmizdə, 29 mart 2019-cu il tarixində Mediasiya haqqında qanun qəbul olunub. Mediasiya müasir dövrdə hüquqi problemlərin alternativ həlli (Alternative dispute resolution) üsulu kimi qəbul olunur. «Mediasiya» latınca “mediare” sözündən götürülmüş, mənası “vasitəçilik etmə” deməkdir. Qanunun, açıq şəkildə mahiyyəti ondan ibarətdir ki, tərəflər aralarında yaranan hüquqi mübahisələri ilk öncə özləri mediasiya vasitəsilə həll etməyə cəhd göstərməlidirlər. Əslində mediasiya sahəsi həyatda rastlaşdığımız və bir çoxumuzun istifadə etdiyimiz barışdırma, vasitəçilik funksiyasıdır.



Mediasiyanın tarixinə diqqət yetirdikdə məlum olur ki, bu institut hələ qədim Babildə, Roma və Yunanıstanda ailə münaqişələri zamanı barışdırıcılıq üçün tətbiq edilmişdir. Həmçinin, bu üsul müdrik Şərgin və eləcə də İslam dininin ənənələrindən yaranan «Ağsaqallıq» institutunun Avropa və ya rəsmi hüquqi formasıdır. Mediasiya hüquqdan başqa diplomatiyada daha çox istifadə edilir ki, tərəflər öz aralarında olan problemləri birgə, özləri və ya üçüncü dövlətlərin və ya beynəlxalq təşkilatların iştirakı ilə həll etməyə çalışırlar. Mediasiya tərəflərin sərbəst şəkildə, öz iradələrinə uyğun qərar verəcəkləri hallarda mümkündür.




(Hüquqşünas Yalçın Hacızadə)

Tərəflər mediasiyaya (mediatora) müraciət etməklə məhkəməyə müraciət hüququndan məhrum edilmirlər. Dünya təcrübəsinə baxdıqda mübahisələrin həlli yollarının bir neçə alternativi vardır ki, bunlardan ən başlıcaları arbitiraj və mediasiyadır. Ölkəmizdə mediasiya haqqında qanunun qəbulu çox mütərəqqi addımdır və əlbəttəki, ədalət mühakimə sistemində aparılan islahatların tərkib hissəsidir. Mediasiya haqqında qanunun icrası məhkəmələrdə iş yükünü kifayət qədər azaldacaq, vəkil və hüquqşünaslara əlavə iş sahələri yaradacaqdır. Məsələn, ABŞ-da hüquqi problemlərin 65%-dan çoxu alternativ yollarla həll olunur ki, bununda rəqəmlə tələfüzü milyardalarla dollarla ölçülür.


Mediasiyanın üstün cəhəti ondadır ki, məhkəmə çəkişməsindən fərqli olaraq qısa zamanda həll olunur. Məhkəmə prosessində (mülki, əmək, iqtisadi və inzibati) mübahisələrin həlli müddəti qanunla müəyyən edilsə də, müxtəlif variantlarla uzadılması mümkündür. Həmçinin, ölkəmizdə bir neçə məhkəmə (birinci, apelyasiya, kassasiya) instansiyası olduğuna görə məhkəmə çəkişmələrinin həlli bir neçə il də sürə bilir. Çox vaxt da tərəflər şikayət vermə hüququndan sui-istifadə edərək sadəcə məsuliyyətdən yayınmaq məqsədi ilə yuxarı instansiya məhkəmələrinə şikayət verərək prosesi uzadırlar. Mediasiya haqqında qanuna görə isə mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər.

Mediasiyanın üstün cəhətlərindən biri də odur ki, burada tərəflər daha açıq və sərbəst formada müzakirələr aparır və qərarları da özləri verirlər. Məhkəmə prosessində tərəflər iddiaçı (şikayətçi) və cavabdeh (daha çox təqsirkar-günahkar-cavabdeh və zərərçəkən) rolunda olur, mübahisənin müzakirəsi hakimin idarəçiliyi və nəzarəti altında keçir və qərarlar da tərəflərin təqdim etdiyi sübutlar əsasında hakimdə formalaşan daxili inam əsasında verilir. Yəni, qərarlar hakimdən aslıdır və çox vaxt tərəflər üçün də “sürpriz” olur. Həm də mediasiya prosesində udan və uduzan tərəf olmadığı halda məhkəmədə olur.


Mediasiyada qərarlar tərəflərin razılığı əsasında, könüllü şəkildə qəbul olunduğu üçün icrası da daha çox real olacaq.
Qəbul olunan mediasiya haqqında qanuna görə tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla) həmçinin ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət tələb olunur. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

Mediasiyanın şamil olunacağı sahələr məhkəmə yükünün böyük hissəsini formalaşdıran sahələrdi. Məni bu sahələr arasında daha çox sevindirən və məmnuniyyətlə görmək istədiyim sahə İnzibati icraatla bağlı olan idi ki, bunu da qanunverici orqan qanuna daxil edib. İnzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr də mediasiya vasitəsi ilə həll oluna biləcəklərdəndir. Yəni, qanunun qüvvəyə minməsindən sonra dövlət orqanı fiziki və ya hüquqi şəxslə inzibati aktın qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı mübahisəni onunla eyni hüquqi vəziyyətdə, dövlət orqanı olmayan mediasiya qrumu vasitəsi ilə həll etməyə çalışacaq. Biz adətən görmüşük ki, dövlət orqanları öz qərarlarını bağlı qapılar arxasında qəbul etsinlər. Amma, bu qanunun icrasından sonra inzibati orqanlar öz qərarlarını fiziki və hüquqi şəxslərlə birgə müzakirə və barışıq əsasında qəbul etməli olacaqlar.
Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında münasibətlər mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə ilə tənzimlənəcək. Mediasiya xidmətlərinin göstərilməsinə dair bağlanan müqavilədə mediatorun və ya mediasiya təşkilatının, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, konfidensiallıq, mediasiya xərcləri müəyyən olunmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsi hesabına ödəniləcək.
Yaşı 25-dən aşağı olmayan, ali təhsilli və ən azı 3 illik iş stajına malik şəxslər mediasiya işlərini apara biləcəklər. Burada ali təhsil təkcə hüquqi təhsil deyil digər sahələr də ola bilər. Həmçinin, mediator kimi fəaliyyət başlamaq üçün müvafiq sertifikata da malik olmaq şərtdir.

Mediasiya sahəsinə nəzarət və təşkilatı işləri də həyata keçirmək məqsədi ilə Mediasiya Şurası yaradılacaq. Şura mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya qurumu olacaq. Mövcud Vəkillər Kollegiyası formasında yaradılacaq və fəaliyyət göstərəcəkdir.
Mediasiyada qərarlar könüllülük əsasında və tərəflərin birgə razılığı əsasında qəbul olunacaq. Ona görə hesab edirəm ki, qərarların icrasında problemlər o qədər də yaşanmayacaq. Əlbəttə ki, qərarların icrası tərəflərin başlıca vəzifələrindən biri olacaq. Ümumiyyətlə, mediasiyada qəbul olunan barışıq sazişində ayrı şərt və ya müddət nəzərdə tutulmayıbsa imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Mülki Məcəllədə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olacaq. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur.

Bu qanunun qəbulu ədalət mühakimə sistemində atılan ən mütərəqqi addımlardan biridir. Həmçinin, qanunu icra edən ölkələrdə müsbət nəticələri olduğunu bilirik. Ən əsası, məhkəmələrdə iş yükünü kifayət qədər azaldacaq, vəkil, hüquqşünaslar və digər sahədən olan şəxslər üçün əlavə iş sahələri yaradacaq və həmçinin şəxslərin biri-birinə olan inamını formalaşdıracaq, iqtisadi və sahibkarlıq sahəsində keyfiyyətli xidmət və etimad yaradacaqdır. Onu da qeyd edim ki, qanun 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcək. Hesab edirəm ki, qanunun qüvvəyə minməsinə kimi kifayət qədər maarifləndirmə işləri aparılmalı, bu sahədə beynəlxalq təcrübə öyrənilməlidir. İnanıramki, qanunun icrasından sonra hüquqi mübahisələr məhkəmələrdə yox, tərəflərin özlərinin iştirakı və qərarı ilə həll olunacaq.

Hüquqşünas Yalçın Hacızadə
Femida.az saytı üçün.


Açar sözlər: #hüquqşünas   #vəkil   #hüquqi_yardım  

Oxunub: 770