Korrupsiya ilə mübarizədə VACİB MƏQAM: Hüquqpozmalarla bağlı məlumat vermək


18:46     28 Noyabr 2019 Prokurorluq%20yen%20%20070714.jpg

Korrupsiya vəzifəli şəxslər tərəfindən öz statusundan sui-istifadə edilərək şəxsi mənfəət (güzəşt, imtiyaz) əldə edilməsi, ictimai məsuliyyət və şəxsi tamah arasında maraqların toqquşmasıdır. İstənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemlərdən biridir.


Korrupsiyaya və digər oxşar neqativ hallara qarşı mübarizə ölkəmizdə də prioritet istiqamətlərdən birini təşkil edir və bu mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas komponentləri kimi çıxış edir.
Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının 2004-cü il tarixli Qanunu korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Qeyd edilən Qanunun 11-1 və 11-2-ci maddələri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə və həmin məlumatı verən şəxsin dövlət müdafiəsi adlanır. Qanunun bu maddələri korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalarla bağlı məlumat vermənin yeni bir mexanizmini və belə məlumatları verən şəxslərin dövlət müdafiəsini müəyyən edir.
Məlumdur ki, bir sıra hallarda insanlar yaşadıqları və ya çalışdıqları mühitlərdə müşahidə etdikləri korrupsiya hüquqpozmaları ilə bağlı məlumatları uyğun məlumat vermə mexanizminin olmaması, bəzi hallarda iş yerində ictimai qınağa tuş gələcəyi ehtimalları, işdən çıxarılma təhlükəsi və ya digər səbəblərdən qapalı saxlayır və təqdim etmirlər. Lakin Qanunun adıçəkilən müddəaları cəmiyyətdə korrupsiya halları barədə məlumat verməni təşviq etməklə, dəstəkləməklə bu sahədə məlumatlandırmanın artmasına, məlumat verən şəxslərin özlərini daha əmin və müdafiəli hiss etməsinə və bu hallarının qarşısının alınmasına töhfə vermişdir. Qanunda bir başa olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanların onun konfidensiallığını təmin etməli olduğu, bu məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlandığı qeyd olunmuşdur.
Qanuna əsasən dövlət və bələdiyyə orqanlarında, bu orqanların idarə, müəssisə və təşkilatlarında rəhbər tərəfindən belə məlumatların verilməsi üçün vəzifəli şəxs və ya struktur bölmə müəyyən edilir. Burada hər hansı yeni struktur bölmənin (şöbə, idarə və sair) yaradılması və işçilərlə komplektləşdirilməsi tələbi şərt deyil. Bu halda mövcud struktur bölmələrdən biri və ya hər hansı bir vəzifəli şəxs müəyyən edilə bilər. Məsələn, qurumun rəhbəri tərəfindən bu məlumatların verilməsi üzrə kollektivdə yüksək nüfuzu, ədalətli yanaşması ilə seçilən şəxs bu məqsəd üçün vəzifəli şəxs müəyyən edilə bilər. Həmin qurumda çalışan işçilər məlumatlı olduqları, müşahidə etdikləri, onları narahat edən korrupsiya hüquqpozmaları barədə məlumatları verə bilərlər. Bu halda əgər onlar özlərinin məlumat verməsinin açıqlanmasını istəmirlərsə bu halda məlumatvermənin konfidensiallığı təmin edilir. Vəzifəli şəxs isə 20 iş günü müddətində məlumatı qüvvədə olan qanunvericiliyə uyğun araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirir. Əgər barəsində məlumat verilən və ya şikayət edilən şəxs vəzifəli şəxs özüdürsə (və ya “səlahiyyətli struktur bölmə”dirsə) bu halda məlumat həmin qurumun rəhbərinə verilə bilər. Əgər məlumat orqanın qurumun rəhbəri ilə bağlıdırsa bu halda şəxs məlumatı korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara yəni Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edə bilər.
Bundan başqa qanunda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Onu da qeyd etmək lazımdır ki, bu qanunlarda nəzərdə tutulan müdafiə tədbirləri bilə-bilə yalan məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında tətbiq olunmur.

Elçin Musayev
Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı


Femida.az

Açar sözlər: #korrupsiya   #hüquq  

Oxunub: 1050