Qazaxda döyüş sursatları və top mərmisi aşkarlanıb


09:27     11 Yanvar 2020 2020/01/1578697789976_WRPh6fES_1578716909.jpeg

Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Kəmərli kəndi ərazisində döyüş sursatlarının və Daş Salahlı kəndi ərazisində 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.



ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX əməkdaşları əraziyə göndərilib və ora baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Kəmərli kəndi ərazisində agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 23 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 455 ədəd müxtəlif çaplı patron, 3 ədəd işıqlandırıcı füşəng, 1 ədəd avtomat darağı (boş) və 4 ədəd pulemyot lenti (boş) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Daş Salahlı kəndində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunmuş, ətrafında 100 kv.m əraziyə yerüstü baxış zamanı əlavə 1 ədəd də 122 mm-lik top mərmisi (OF-56) aşkarlanıb. Top mərmisinin silahdan atıldığını, üzərində partladıcısının olduğunu və havanın qaranlıq olmasını nəzərə alaraq, DSX əməkdaşlarının mühafizəsinə verilməklə növbəti iş günü yerində zərərsizləşdirilməsi qərara alınıb.

Açar sözlər:

Oxunub: 812