Lerik və ətraf rayonların əhalisinə hüquqi yardım göstərilib


20:02     18 Yanvar 2020 20_01_18_1579363410.jpg

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.


Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 18 yanvar tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Lerik və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilmişdir.

Bakı şəhəri 8 saylı və 10 saylı Vəkil Büroları tərəfindən Lerik Rayon Mədəniyyət Mərkəzində 50-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunmuş, müvafiq məsləhətlər verilmiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılmışdır.

Qeyd olunmalıdır ki, səfər çərçivəsində vəkillər yerli icra hakimiyyəti tərəfindən təşkil olunmuş 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgi ilə də tanış olmuşlar.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.

Açar sözlər:

Oxunub: 1228