Hacıqabulda məktəblilər “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirilib


21:15     11 Fevral 2020 20_02_11_1581436345.jpg


Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Rəncbər kənd tam orta məktəbində “Narkotiklərə yox deyək!”, “Erkən nikahın fəsadları” və “Dini radikalizm və ekstremizm” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Femida.az xəbər verir ki, tədbirdə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Rayon Prokurorluğunun, Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və şagirdləri də iştirak edib.

Hacıqabul RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Məmməd Hüseynov narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və korrupsiya üçün şərait yaratdığını, məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi proseslərdən uzaqlaşdırdığını, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngitdiyini vurğulayıb. O, son illər Azərbaycanda bu sahədə məqsədyönlü tədbirlər həyata keçirildiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirildiyini bildirib.



Şöbə rəisi erkən nikah və onun fəsadları barəsində məktəblilərə məlumat verərək, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, o cümlədən psixologiyasına mənfi təsir göstərdiyini, gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib.

Dini radikalizm mövzüsuna toxunan M.Hüseynov ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını bildirib, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlərin də olduğu barədə məktəbliləri xəbərdar edib, onların zərərli fikirlərindən uzaq olmağa, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi tövsiyə edib.

Tədbirlərdə narkomaniyanın fəsadları mövzusunda videoçarxlar nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1053