Sabahdan Azərbaycana gətirilən energetik içkilərə vahid aksiz dərəcəsi tətbiq ediləcək


11:31     18 Mart 2020 20_03_18_1584516084.jpg

Sabahdan Azərbaycana gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi tətbiq ediləcək.


Femida.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

İndiyə qədər şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər və meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin hər litri üçün 2 manat aksiz dərəcəsi tətbiq edilib.

Dəyişikliyə əsasən, ölkəyə idxal edilən energetik içkilərin hər litri üçün vahid aksiz dərəcəsi – 3.1 manat tətbiq olunacaq.

Açar sözlər:

Oxunub: 508