Ruslar Olimpiya Oyunlarına buraxılmaya bilər


19:23     05 Dekabr 2015 yarislar.jpg

İAAF (Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası) 2016-cı ildə keçiriləcək gənclər arasında dünya çempionatı və komandalararası qaçış üzrə dünya çempionatının Rusiyadan alındığını açıqlayıb.


Femida.az xəbər verir ki, beynəlxalq qurumdan verilən açıqlamada hər iki yarışın başqa ölkələrdə təşkil olunacağı deyilib.

Yarışların hansı ölkədə keçiriləcəyi ilə bağlı yanvarın 7-də qərar veriləcək.

Göstərilən bu səbəbə görə gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarına da Rusiya idmançıları buraxılmaya bilər.

Məsələ ilə bağlı Cenevrədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda WADA rəhbəri Riçard Paund bildirib ki, ruslar yeni şərtlərlə işləməkdə razılaşmasalar, onlar qeyd-şərtsiz diskvalifikasiya ediləcəklər.

Riçard Paund keçirilən brifinqdə belə açıqlama verib:

“2016-cı ildə baş tutacaq olimpiadada Rusiya idmançılarının diskvalifikasiya olunması məsələsinə baxırıq. Ümid edirik ki, rusiyalı idmançılar yeni şərtlərlə işləyəcəklər. Əks halda, onlar Rioda olmayacaqlar. Güman edirəm ki, VFLA dəyişiklik üçün zamanın yetişdiyini başa düşür və onlar bunu edəcək. Beynəlxalq Olimpiya Komitəsinin və Rusiya Komitəsinin bu barədə məlumatı var”

Qeyd edək ki, dopinq qalmaqalı baş verməsə idi gənclər arasında keçiriləcək 2016 Dünya çempionatı Rusiyanın Kazan şəhərində, komandalar arası dünya çempionatı isə Çeboksary şəhərində keçiriləcəkdi.

Xatırladaq ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) hazırladığı 323 səhifəlik hesabatda Rusiyanı və idmançılarını “dövlət dəstəyi” ilə dopinqə qarışmaqda günahlandırmışdı. Bundan sonra IAAF Rusiya Atletika Federasiyasının (ARAF) üzvlüyünü təxirə salmış və rus atletləri müvəqqəti olaraq myarışlardan kənarlaşdırılmışdı.

WADA da Moskva Dopinqə Nəzarət Laboratoriyasının üzvlüyünü dayandırmışdı. Bundan əlavə WADA Rusiya Dopinqlə Mübarizə Agentliyinin (RUSADA) fəaliyyətlərini davam etdirməsinin uyğun olmayacağını da açıqlamışdı./publika.az/

Açar sözlər:

Oxunub: 975