Bakıda arvadını qətlə yetirən ərin məhkəməsi başladı


15:11     28 İyul 2020 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nicat Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Femida.az xəbər verir ki, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabr ayında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.

1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış. Həmin vaxt N.Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında N.Məmmədovla həyat yoldaşı L.Məmmədova arasında mübahisə yaranıb. Nəticədə N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

Bu vaxt N.Məmmədovun atası N.Məmmədov oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan N.Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 584