“Bəzi valideynlər vəzifələrini bilmirlər“ - Aqiyə Naxçıvanlı


00:03     11 Dekabr 2015 4xbZYFPKSIY7.jpg

“Düşünürəm ki, uşaqların üzürsüz səbəblərə görə icbari təhsildən yayınması ilə bağlı cərimələrin tətbiqi çox vacibdir”.


Femida.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib. O, bəzi valideynlərin məsuliyyətsiz davrandıqlarını qeyd edib. Komitə sədri belə cərimələrin valideynləri vəzifələrini icra etməyə məcbur edəcəyini bildirib: “Bir çox valideynlər məsuliyyətsiz davranaraq uşaqlarının məktəbə gedib-getməməsindən xəbərdar olmur, onlarla maraqlanmırlar. Belə qanunlar isə valideynləri öz vəzifə borclarını yerinə yetirməyə məcbur edəcək”.

Millət vəkili vurğulayıb ki, bəzi valideynlər vəzifə borclarından xəbərsizdirlər: “Bəzi valideynlər vəzifələrini bilmirlər. Düşünürlər ki, uşağa 1 manat verib məktəbə yola salmaqla öz vəzifələrini yerinə yetirmiş olurlar. Valideynlər uşaqlarının məktəbə gedib-getməməsi, dərsdən sonra nə işlə məşğul olması, kimlərlə dostluq etməsini və s. bilməlidirlər. Onlar arasında maarifləndirmə işləri aparmaq lazımdır. Bu cərimələr məsuliyyəti biraz da artıracaq”.

Deputat bildirib ki, əgər hansısa uşaq təhsildən yayınarsa, onunla maarifləndirici söhbətlər aparmaq lazımdır. Qeyd edib ki, uşaqlarla sərt davranmaq olmaz və bu, qanunverciliklə nizamlanır.

Açar sözlər:

Oxunub: 1695