Telefon naqili ilə işıq çəkdi, cəriməsi müəllimə yazıldı - “Azərişıq”dan ŞİKAYƏT


17:56     11 Dekabr 2020 2020/12/33412A3C-4B86-400A-8ADD-DB3014D9FE8A_1607695499.jpeg

Xətai rayonu, Nazim Şükürov küçəsində yaşayan Kəmalə Muradova “Azərişıq”ın əməkdaşlarından şikayətçidir. O, iddia edir ki, qonşusu ondan xəbərsiz işıq sayğacına müdaxilə edərək özünə elektrik xətti çəkib. Cərimə isə qonşusuna deyil, Kəmalə xanımın özünə yazılıb.


Femida.az xəbər verir ki, 328 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi işləyən Kəmalə Muradova bir neçə aydır, “Azərişıq” ASC-yə vəziyyətlə bağlı müraciət etsə də, hələ də qanunsuz çəkilmiş elektrik xəttini gəlib kəsən yoxdur:

“Bir müddət əvvəl qonşumuz Rüstəmov Ruslan Mircəfər oğlu evimizin üzərindən bizim xətti zədələyərək sayğacımızın çıxışından telefon naqili ilə özünə işıq xətti aparıb. Bundan bizim ailəmizin xəbəri olmayıb. Hüzr yerində olduğumdan evdə deyildim. Həmin vaxt “Azərişıq” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsindən gəlib qanunsuz çəkilən elektrik xəttini aktlaşdırıblar və mənə 828 manat cərimə yazıblar. Aktda qeyd edilib ki, “Elektrik Enerjisinin İstifadə Qaydalarına uğun olaraq yoxlama zamanı məlum oldu ki, abonentin yaşayış evinə sayğacdan kənar xətt daxil edilərək elektrik xəttini zədələyərək telefon naqili ilə mənzilə kənar xətt daxil edilmşdir”



Evə gələndə sonra hadisədən xəbər tutub qonşumuzla bərabər “Azərişıq”a getdik. Ruslan Rüstəmov orada bizim evin sayğacını zədələdiyini etiraf etdi. Ərizə yazıb bildirdi ki, mənə yazılan cərimə onun hesabına yönləndirilsin”.

Şikayətçi deyir ki, onun sayğacına müdaxilə edildiyi rəsmi şəkildə təsdiq edilsə də, hələ də tədbir görən yoxdur:

“İki aydır, mən həmin quruma gedib gəlirəm, hələ də heç bir komissiya gəlib araşdırma aparmır. Buradakı qanunsuzluğu nəzarətçi də, aktı tərtib edən mühəndislər də bilir. Bu akt iki ay olar ki, yazılıb. Niyə aktı tərtib edənlər gəlib bizim sayğacadan çəkilən qanunsuz işığı kəsmirlər? Bu cərimə hansı səbəblə mənim adıma yazılır? Çox məsuliyyətsiz yanaşırlar. Dəfələrlə müraciə etmişəm. Mən nəyə görə polisə şikayət etməliyəm. Qanunsuz elektrik xətti məndən xəbərsiz çəkildiyi də sübut olunub.”



Məsələ ilə bağlı “Azərişıq” ASC-nin rəy, təklif və müraciətlərin araşdırması şöbəsinin mütəxəsisi Əli Cəfərovla əlaqə saxladıq. O bildirdi ki, əvvəlcə Nəzarət Departamentindən şikayətçi Kəmalə Muradovanın xidməti məlumatı onlara göndərilməlidir. Daha sonra müvafiq tədbirlər görülə bilər:

“Biz bu məlumatı araşdırmışıq. Kəmalə xanımın qonşusu Ruslan Rüstəmov kənar xəttlə onların sayğacına qoşulub. Həmin şəxs ərizə ilə bizə müraciət etdi ki, kənar xətti həqiqətən özü çəkib və cəriməni ona yazaq. O, bizə müraciət edəndə qeyd etmişdi ki, cəriməni ödəyəcək amma təəsüf ki, ödəmirmiş.

Ötən dəfə Kəmalə xanım bizə müraciət edəndə mən aktı yazan “Azərişıq” ASC-nin Nəzarət Departamentinə zəng etdim. Mənə məlumat verildi ki, Kəmalə Muradovanın xidməti məlumatı bizə - yəni abonentlər departamentinə yazıb göndərcəklər. Mən də o xidməti məlumatı gözləyirəm. Çünki həmin xidməti məlumatı yazmaq mənim ixtiyarımda olan bir məsələ deyil”

Xidməti məlumatı yazacaq “Azərişıq” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.

Femida.az olaraq məsələni diqqətdə saxlayacağıq.



Oğuz Altay

Femida.az

Açar sözlər: #Şikayət   #Elektrik   #Sayğac  

Oxunub: 2281