“Azərbaycanla əlaqələrdə yeni səhifə açılıb” - İranlı nazir


03:43     23 Dekabr 2015 97c28e19940fe74a1e81ebbbbfb40a9c.jpg

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri Şahin Mustafayev və Mahmud Vaezi bu gün Təbrizə səfər ediblər.


APA-nın məlumatına görə, Təbrizdə İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi jurnalistlərə açıqlamasında iki ölkə arasındakı əlaqələrdə yeni səhifənin açıldığını bildirib: "Azərbaycan və İran rəsmiləri arasında səmimi mühit yaranıb. Səmimiyyət olan yerdə əməkdaşlıq da asan olur".

M.Vaezi bildirib ki, iki ölkənin dövlətlərarası komissiyasının iclasının keçirilməsində məqsəd əlaqələrin daha da möhkəmləndirilməsidir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki ölkə xalqının dini, milli, dil, və adət- ənənələr baxımından dərin köklərə malik olduğunu bildirib.

Nazir Naxçıvan Muxtar Respublikasının və İranın Şərqi Azərbaycan vilayətinin qonşu olmasından və bu qonşuluğun iki ölkə arasındakı əlaqələrin dərinləşməsində oynadığı roldan danışıb. "Naxçıvan daim sürətlə inkişaf etməkdədir və investisiya yatırmaq üçün yaxşı gələcəyi var".

İranın Şərqi Azərbaycan vilayətinin başçısı İsmayıl Cabbarzadə deyib ki, Bakıda fəaliyyət göstərən tibb mərkəzlərində Təbrizdən olan həkimlərin xidmət göstərməsi ilə bağlı əldə olunan razılıq yaxın günlərdə icra olunmağa başlayacaq.

İ.Cabbarzadə qeyd edib ki, Şərqi Azərbaycan vilayəti Azərbaycanın kənd təsərrüfatı sahəsində çalışan əkinçilərə təlimlər keçmək üçün müqavilə imzalamağa hazırdır. "Araz Azad İqtisadi Zonasında istixana məhsullarının yetişdirilməsi üçün geniş imkanlar var. Azərbaycanın istixana məhsullarına olan tələbatını ödəmək üçün bu zonada bütün şərait var".

O həmçinin İran kənd təsərrüfatı məhsullarının Azərbaycan ərazisindən Rusiyaya ixracının həyata keçirilməsində azərbaycanlı iş adamları ilə əməkdaşlığa hazır olduqlarını bildirib: "Azərbaycanda traktor istehsalı zavodunun inşasında maraqlıyıq. Bundan başqa şəhərdaxili avtobusların istehsalında da iki ölkə əməkdaşlıq edə bilər".

Açar sözlər:

Oxunub: 795