Əfqanıstan prezidenti Azərbaycana niyə gəlib? – ŞƏRH


14:33     23 Dekabr 2015 efqan%20pre.jpg


Dünən Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana iki günlük rəsmi səfərə gəlib. O, səfər çərçivəsində ölkə başçısı İlham Əliyev və bir sıra rəsmi şəxslərlə görüş keçirib. Əşrəf Qani Azərbaycanın iş adamları ilə də görüşüb və onları Əfqanıstana sərmayə qoymağa dəvət edib.

Əfqanıstan prezidentinin Azərbaycana səfərini Femida.az şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, səfərdə əsas məqsəd iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirmək olub:

“Əfqanıstan geridə qalmış aqrar ölkədir. Hazırda həmin ölkədə daxili-siyasi vəziyyət çox gərgindir. Ölkədə asayiş təmin olunmayıb. “Taliban” terrorçu qruplaşması ölkənin iqtisadi inkişafına ciddi maneələr törədir. Yeni seçilmiş prezident isə bu iqtisadi geriliyi aradan qaldırmaq istəyir. Əşrəf Qani azərbaycanlı iş adamları ilə görüş keçirdi. O, görüş zamanı işadamlarını Əfqanıstanda sərmayə yatırmağa səslədi. Bu təbii idi. Çünki çətin günlərini yaşayan Əfqanıstanda iqtisadi inkişafı təmin etmək üçün bu ölkəyə kapital qoyulmalıdır. Əslində, Əfqanıstanda bir az sabitlik yaransa, bu ölkəyə ciddi sərmayələr qoyula bilər”.

Politoloq onu da vurğuladı ki, Əfqanıstan gələcəkdə Azərbaycanın iqtisadi partnyoru ola bilər:

“Açığını desək, Azərbaycan tərəfi də Əfqanıstanla iqtisadi əməkdaşlığı genişləndirməyə səy göstərir. Azərbaycanla Əfqanıstanı gələcəkdə iqtisadi partnyorlar kimi görmək mümkündür. Neçə ildir ki, neft ağırlıqlı iqtisadiyyata sahibik. Artıq qeyri-neft sektorunu da inkişaf etdirməyik. Bu baxımdan, Azərbaycan da xarici bazarlara girmək istəyir. Əfqanıstanla iqtisadi əlaqələri genişləndirmək bizim xeyirmiziədir. İlkin olaraq, yəqin ki, bir neçə iş adamı Əfqanıstana göndəriləcək. Əgər effektli olsa, gələcəkdə də iş adamlarımız Əfqanıstanda geniş sərmayələr yatıra bilər. Lakin nəzərə almaq lazımdır ki, Əfqanıstanın yerləşdiyi ərazi riskli zonadır. Bu ölkədə sabitlik tam olarq təmin olunmadığına görə iş adamlarının sərmayə qoyması müəyyən risk tələb edir”.

Qeyd edək ki, Əşrəf Qaninin ölkəmizə səfəri bu gün başa çatır.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 3865