MİDA Hövsanda 503 güzəştli mənzili satışa çıxarır


09:02     19 Mart 2021 21_03_19_1616132142.jpg

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, Zığ şossesi - Hava Limanı avtomobil yolunun 12-ci km-liyində yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə 52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243 mənzilin, ümumilikdə 503 mənzilin satışını 21 aprel saat 11:00-dan 30 aprel saat 11:00-a qədər davam etdirəcək.

Femida.az bu barədə MİDA-ya istinadən xəbər verir.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzil seçimi 26 aprel saat 11:00-da başlayacaq və 30 aprel saat 11:00-a qədər davam edəcək.

Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzil seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib, inşa olunub. Buna dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyləri mövcuddur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verib.
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd: “MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi

Müddət

Minimal ilkin ödəniş

Aylıq ödəniş*

1 otaqlı 138-143 manat

2 otaqlı 182-253 manat

3 otaqlı 245-268 manat

* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:


Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat)

1 otaqlı - 28 917
2 otaqlı - 38 174
3 otaqlı - 51 408

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd:
“Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

Femida.az

Açar sözlər: #MİDA   #mənzil   #ev  

Oxunub: 670