Azərbaycan diaspor nümayəndələri Şuşaya yola düşüb


09:58     17 Avqust 2021 susa.jpg

Azərbaycan diaspor nümayəndələri Şuşaya yola düşüb.

Bu barədə Femida.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor nümayəndələrinin, xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir, bu səfərlər beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında əvəzsiz rol oynayır.

Komitə avqustun 17-də hazırda Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrupun Şuşa şəhərinə səfərini təşkil edib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə diaspor nümayəndələrinə ətraflı məlumat veriləcək.

Qeyd olunub ki, diaspor nümayəndələrinin iyulun 27-də Komitənin təşkilatçılığı ilə Şuşa şəhərinə ilk səfəri dünya azərbaycanlıları, eləcə də Azərbaycan ictimaiyyəti arasında böyük maraqla qarşılanıb və təqdir olunub.

Azərbaycan diaspor nümayəndələrinin Qarabağa 2-ci səfərində 26 ölkədən 102 diaspor nümayəndəsi iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xarici jurnalistlərin və diaspor nümayəndələrinin Qarabağa səfərləri mütəmadi olaraq həyata keçiriləcək.


Femida.az

Açar sözlər:

Oxunub: 375