ANAMA azad edilən ərazilərdə quruculuq işləri aparan şəxslərə təlim keçib


18:12     18 Avqust 2021 2021/08/9299af80-d390-3056-a22d-cb883e2bf92d_1629297227.jpg

İşğaldan azad edilən ərazilərdə quruculuq və infrastruktur layihələri üzrə fəaliyyət göstərən şəxslərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) aidiyyəti mütəxəssisləri tərəfindən bu gün təhlükəsizlik qaydaları ilə bağlı “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” istiqamətində təlim keçirilib.

Bu barədə Femida.az ANAMA-ya istinadən xəbər verir.

Təlimdə “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji” ASC və “Azərsu” ASC nümayəndələri iştirak edib.

Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə prezentasiya təqdim edilib. Həmçinin, müxtəlif növ mina və sursatların vizual tanınması üçün maketləri nümayiş olunub.

Təlimin başlıca məqsədi iştirak edən nümayəndələrin əldə etdikləri məlumatları işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müvafiq dövlət qurumları və müəssisələrin əməkdaşlarına “Train-the-trainer” (“Təlimçilər üçün Təlim”) proqramı çərçivəsində maarifləndirmə biliklərinin ötürülməsindən ibarətdir. Həmin mütəxəssislər tərəfindən Qarabağda çalışan nümayəndələrin maarifləndirilməsi, daha geniş kütləni əhatə edərək zərərçəkənlərin sayının azaldılmasına səbəb olacaqdır.

İştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini özündə əks etdirən maarifləndirici və xəbərdaredici broşurlar və posterlər paylanılıb.

Sonda təlim keçən şəxslərə əsas təhlükəsizlik qaydalarını əks etdirən təlimat kitabçası təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1388