Məhkəmə Bakıda şirkət rəhbərinə elektron qolbağın taxılması barədə hökm çıxarıb


14:07     21 Fevral 2022 22_02_21_1645438098.jpg

Bakıda xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən şirkət rəhbəri Nurlan Əsgərzadəyə hökm oxunub və o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Femida.az -ın xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçiirlən prosesdə elan olunub.

Hökmə əsasən, N.Əsgərzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azadlığıa buraxılıb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib.

Qeyd edək ki, şirkətlərdən birinin təsisçisi və direktoru olan N.Əsgərzadə 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

İttihama görə, o, ölkə ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar müəyyən edilən qaydalardan sui-istifadə edilməsi yolu ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmalarına guya Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə verilməsini təmin etmək adı ilə aldatmaqla ayrı-ayrı şəxslərdən ümumilikdə 4 min manat pul alıb.

Həmçinin, N.Əsgərzadə həmin hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik edib.

İstintaq tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29, 178.2.2 (təkrarən dələduzluğa cəhd etmə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

N.Əsgərzadənin barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Açar sözlər:

Oxunub: 528