Məhkəmə İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru ilə bağlı qərar çıxarıb


19:08     05 Mart 2022 22_03_05_1646489371.jpg

Gəncə Apellyasiya Məhkəməsi İsmayıllı Olimpiya İdman Kompleksinin həbsdə olan sabiq direktoru Tofiq Hümbətovla bağlı qərar çıxarıb.

Femida.az -ın əldə etdiyi məlumata görə, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən porsesdə keçmiş direktorun apellyasiya şikayəti təmin edilməyib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiriləmədən qüvvədə saxlanılıb.

İttiham aktına görə, T.Hümbətov 2010-cu ildən 2018-ci ilədək İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib.

Belə ki, o, 2012-ci ilin sentyabr ayında tanışı Abbasov Şahin Şahmalı oğlunun Azərbaycan Dövlət Aqrar Universitetinin Distant və Əlavə tədris mərkəzinə qəbul olunmasına köməklik göstərəcəyi vədini verib.

T.Hümbətov bu yolla Ş.Abbasovdan ümumilikdə 3 000 manat pul alaraq dələduzluq edib. Daha sonra o, verdiyi vədə əməl etməyib.

Ş.Abbasovun şikayəti əsasında saxlanılan T.Hümbətovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 34, 312.2-ci (Rüşvətə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Hümbətov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 669