Bakıda həyatın dibi: ac və səfil “Malış” yoxsul yeniyetmənin qanını tökdü


20:31     19 Mart 2022 2022/03/400344_res_01_1647703997.jpeg

...valideynlərini erkən itirən “Malış”ın daimi yaşayış yeri paytaxtdakı parklar və küçələr olub. İsti yay günlərini parklarda gecələyib, qışın soyuğunda isə bir-iki manatlıq yarıqaranlıq, uçuq-sökük daxmalara sığınıb. Səfalət, yoxsulluq, maddi ehtiyac onu həyatın dibinə sürükləyib. Ötən ilin martında oğurluq etdiyinə görə mühakimə də olunub. Lakin tüfeyli həyat tərzi sürən, yetkinlik yaşına çatmayan “Malış” daha ağır cinayətə “imza atıb”. Həmyaşıdına, ondan fərqli olaraq küçələrdə avtomobillərin təkərlərini qaraltmaqla halal pul qazanan Ramizə qarşı quldurluq cinayət törədib.

Və bu cinayət işi üzrə məhkəmə istintaqı bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb.



virtualaz.org-un xəbərinə görə, həmin “Malış” - Aslan Əlimərdanov ötən il iyulun 9-da gecə saatlarında həmyaşıdı Ramiz Musayevin üzərinə hücum çəkərək ondan pul tələb edib. 15 yaşlı Ramiz pulu olmadığını deyəndə şüşə qırığı ilə ona xəsarətlər yetirib.

Törətdiyi cinayət əməlinə görə, Nəsimi rayon məhkəməsi tərəfindən A.Əlimərdanova qarşı Cinayət Məcəlləsinin 182.2.5-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Aslan Əlimərdanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Gündəlik yaşaması, qidalanması üçün pula ehtiyacı olduğundan oğurluğa əl atdığını deyib. Törətdiyi oğurluğa görə barəsində istintaq aparılıb, cinayət işi məhkəməyə göndərilib, məhkəmə tərəfindən barəsində cəza tədbiri görülüb.



Ötən ilin iyulunda gecə saatlarında kafedə iki bakal pivə içən, oradan çıxıb marketdən daha iki şüşə pivə alan Aslan içkili vəziyyətdə “Memar Əcəmi” stansiyasının yaxınlığında gəzişib.

“Su işmək istəyirdim, pulum yox idi. “Şəki” kafesinin girişində daşın üstündə üzdən tanıdığım, adını bilmədiyim oğlandan mənə su almasını istədim. O, isə pulu olmadığını dedi. Ona “de sən öl, pulum yoxdur” dedikdə mənə “sən öl” vurdu. Əlimi oğlanın yan cibinə atdım. Cibində pul olduğunu gördüm, niyə yalan yerə “sən öl” vurmasını soruşdum. Dedi ki, pul özününkü deyil. İçkili idim, belimdən “otvyorkanı” çıxarıb yüngülcə xəsarət yetirdim. Müqavimət göstərdi, əli ilə məni kənara itələdi. Yerdən götürdüyüm boş şüşəni səkiyə vurub sındırdım, şüşə qırığı ilə qarnına, qoluna vurdum, boğazına dirəyib pulları çıxarmasını tələb etdim”, - o ifadəsində bildirib.

Həmin vaxt yoldan keçən bir nəfər ortalığa girərək onları ayırıb. Aslan şüşə qırığını kənara atıb, vintaçanı da belinə qoyub oradan uzaqlaşıb. Ertəsi gün həmin ərazidə polis əməkdaşı tərəfindən saxlanılaraq Nəsimi Rayonunun 19-cu Polis Şöbəsinə gətirilib. Şöbəyə gətirilərkən Ramizin orada olduğunu görüb.



Zərərçəkmiş Ramiz Musayev ifadəsində atası ilə birgə Hövsan qəsəbəsində yaşadığını, maddi imkanları pis olduğundan “Memar Əcəmi” metrostansiyası ətrafında avtomobillərin təkərlərini qaraltmaqla çörək pulu qazandığını deyib. Hər gün Hövsana gedib-gəlməyə çətinlik çəkdiyindən əksər vaxtları gecəsi 1-2 manatlıq evlərdə gecələyib.

“Daşın üstündə oturmuşdum. Üzdən tanıdığım, ləqəbinin “Malış” olduğunu bildiyim oğlan yaxınlaşıb su almaq üçün pul istədi. Pulum olmadığını dedim. Cibimdəki pulları verməyi tələb etdi. Pulların özümə məxsus olmadığını söylədim. Əvvəl “atvyorka” ilə, sonrasa şüşə qırığı ilə məni vurdu. Yoldaş keçən bir nəfər bizi ayırdı. Mən taksiyə minib polis şöbəsinə getdim və şikayət etdim”, - o deyib.

Məhkəmənin hökmü ilə Aslan Əlimərdanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 342