Bakıda gecə klubunda QƏTL: “Lotu Quli”nin yaxını qız üstündə adam öldürdü - TƏFƏRRÜAT


20:14     26 Aprel 2022 22_04_26_1650989483.jpg

2014-cü il avqustun 16-da Binəqədi rayonu Novxanı qəsəbəsindəki “AF Hotel Aqua Park” Ailəvi İstirahət Mərkəzinin nəzdində olan “Garden Beach” gecə klubunda bıçaqlanma hadisəsinin olması barədə polisə məlumat daxil olur. Dərhal hadisə yerinə çıxan əməliyyatçılar bıçaqlanan, Sumqayıt şəhər sakini Böyükağa Əliyevin xəstəxanaya aparıldığını və orada öldüyünü müəyyən ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən İbrahim Muxtarov barəsində cinayət işi başlanıb. Lakin İbrahim Muxtarov istintaqdan yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

İbrahim Muxtarov 2017-ci il sentyabrın 24-də Gürcüstan Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Rustavi şəhərində saxlanılıb. Bolnisi rayon məhkəməsinin hökmü ilə o, odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanılması və dövlət sərhədini qanunsuz keçmə maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Tiflis şəhər məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarına əsasən onun Azərbaycana ekstradisiyasına razılıq verilib. Həmin il iyunun 23-ə o, Gürcüstandan Azərbaycana ekstradisiya olunaraq Bərdə rayon Polis Şöbəsinə təhvil verilib.

İbrahim Muxtarovun cinayət dosyesinə nəzər salarkən məlum olur ki, o, kriminal aləmdə nüfuz sahibi imiş. Belə ki, “Vəziyyət İbrahim” ləqəbi ilə tanınan İbrahim Muxtarov “Lotu Quli”nin yaxın adamlarından biri olub.

Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib:

İstintaqla müəyyən edilib ki, 2014-cü il avqustun 15-i “Garden Beach” gecə klubunda Xəyal Quliyev Nicat Əbdülov və Eldar Əliyevlə mübahisə edib. Narazılığa Nicat və Eldarın qızlarla rəqs etməsi səbəb olub. Bunu “aydınlaşdırmaq” üçün avqustun 16-sı İbrahim Muxtarov kluba yollanıb. Xəyal Quliyev və qeyriləri ilə görüşdükdən sonra söhbət edə-edə dəniz kənarına gəliblər.

İbrahim Muxtarov Nicat Əbdülova özünü Sumqayıt şəhərində “vəziyyətə baxan” kimi təqdim edərək, rəqs meydançasında Xəyal Quliyevə qarşı etdiyi hərəkətləri ilə bağlı izahat verməsini tələb edib. Bir neçə dəfə təhqiramiz tərzdə Nicat Əbdülovun, eləcə də onu müdafiə edən Böyükağa Əliyevin sözünü kəsərək, onlara kobud şəkildə haqsız olduqlarını bildirib. Xəyal Quliyev qəflətən Nicat Əbdülovun sifətinə yumruq vurub. Böyükağa Əliyev buna iradını bildirdikdə İbrahim Muxtarov onunla əlbəyaxa olub. Cibindən çıxardığı bıçaqla 2 dəfə zərbə vuraraq, zərərçəkmişi öldürüb.

İş üzrə dindirilən İbrahim Muxtarov bildirib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb, peşəkar idmançıdır:

“Avqustun 15-də Bakıda idim. Gecə saat 1-2 arası Sumqayıta qayıdarkən, güləş zalında tanış olduğum Xəyal zəng edərək, Novxanıdakı kluba gəlməyimi xahiş etdi. Nə baş verdiyini soruşduqda “gələndə danışarıq” dedi. O, məni istirahət mərkəzinin giriş qapısında qarşıladı. Xəyal kluba bir oğlan və iki qızla birlikdə gəldiyini dedi. Onun sözlərinə görə, tanımadığı şəxs yanındakı dostu ilə gələn xanıma sataşıb. İrad bildirərək qadınla nəzakətli davranmasını tələb edib və buna görə aralarında gərginlik yaranıb. Nə Xəyalın dostunu, nə də qızları tanımırdım. Tanışım həmin şəxslərin dəniz kənarında olduqlarını söyləyib, həmin söhbəti aydınlaşdırmağımı xahiş edib. Xəyalla birlikdə ora çatanda 30-40 nəfərin toplaşdığını gördük. Tanışım bir nəfəri göstərib onunla mübahisə etdiyini dedi. Xəyal və Nicatla birlikdə masa arxasında oturub, söhbət etməyə başladıq. Ətrafda olanlar isə yanımızda dayanmışdı”.




Açar sözlər:

Oxunub: 485