Moskva məhkəməsi azərbaycanlı oliqarxın həbs müddətini uzatdı


02:59     18 Yanvar 2016 8ea981883f4e.jpg


Azərbaycanlı oliqarx Roman Manaşirovun həbs müddəti uzadılıb.


Femida.az -ın anspress-ə istinadən məlumatına görə, bu barədə Moskva şəhər məhkəməsi qərar verib. Qərara əsasən, Manaşirovun həbs müddəti mayın 16-na qədər uzadılıb. O, rüşvət verilməsində vasitəçilikdə ittiham olunur. Bundan əvvəl onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Biznesmen Roman Manaşirovun işində müstəntiqlər qəribə halla qarşılaşıblar.

Manaşirov istintaqçılara rus dilini unutduğunu bildirib. “Hazırda mən yalnız dağ yəhudilərinin dilini başa düşürəm və bu dili bilən tərcüməçilər verilməsini tələb edirəm", - deyə bakılı oliqarx bildirib.

Müstəntiqlər oliqarxı yəhudi dilini bilən tərcüməçi ilə təmin ediblər. Lakin bu dəfə də R.Manaşirov tərcüməçini başa düşmədiyini bildirib. Oliqarx bunu onunla əsaslandırıb ki, o, Azərbaycanın Quba rayonunda dağ yəhudilərinin istifadə etdiyi xüsusi dialekti bilir. Tərcüməçi isə onu bilmir.

Amma bütün tərcümə çətinliklərinə baxmayaraq, məhkəmə onun həbs müddətini may ayına qədər uzadıb.

İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib.

Dekabr ayının 10-da isə həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun ailəsinə məxsus evdə axtarış da aparılıb. Axtarış zamanı onun qardaşı Solomon Manaşirovun evinin antiq əşyalar və bahalı rəsm əsərləri ilə dolu olduğu bəlli olub.

Məlumata görə, Roman Manaşirov Moskvanın yəhudi icmasının üzvüləri arasında böyük nüfuza malikdir. 46 yaşlı biznesmen Quba rayonunda, Qırmızı Qəsəbədə anadan olub. O, Moskvada yəhudi icma mərkəzinin əsas sponsorlarından biri idi. Manaşirov həmçinin Rusiya paytaxtında xeyriyyə layihələrinin maliyyələşdirilməsində fəal iştirak edirdi.

Açar sözlər:

Oxunub: 927