DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib


21:08     16 İyun 2022 22_06_16_1655399354.jpg

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda orta məktəb binasına narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Femida.az-a verdiyi məlumata görə, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboyda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan təsərrüfat binasında hər hansı bir narkotik və ya narkotik istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib", - DİN rəsmisi vurğulayıb.

Açar sözlər:

Oxunub: 416