Məhkəmənin qərarı necə icra olunur? – Hüquqi yardım


16:22     08 Fevral 2016 mehkeme%20qerari.jpg

Məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bəzi hallarda məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməməsi bir çox narazılıqlara səbəb olur. Buna səbəb kimi icra məmurunun səhlənkarlığı, öz şəxsi maraqlarını güdməsi və vətəndaşların öz hüquqlarını bilməməsidir.


İlk öncə qeyd edim ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İcra haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir, qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərir.

Bu Qanunun 12.1-ci maddəsinə görə isə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir.

Qanunun 43.1-ci maddəsinə əsasən borclu verilmiş müddət ərzində məhkəmə qərarını könüllü icra etməzsə, icra məmuru məcburi icra tədbirlərinə başlamaqla, icra tələbini borclunun əmlakına, əmək haqqına, pensiyasına və sair gəlirlərinə yönəltməlidir.

İcra məmurları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:

1. İcraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;

2. Alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir.


Bu Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının və məhkəmə icraçılarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə məhkəmə nəzarətçisindən və məhkəmə icraçısından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.

İcra məmurları öz hərəkətlərinə və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar

Məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər.
Amma bu gecikdirmə xeyrinə çıxarılmış məhkəmə qərarının davamlı olaraq icra edilməməsi tələbkarın məhkəmə işində uğur qazanmasını mənasız etməməlidir. İcra sənədinin icra edilmədiyi təqdirdə, icra məmurundan Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, İnzibati-İqtisadi Məhkəməsinə və İnsan Hüquqları Üzrə Müvəkkilə müraciət edilməsi nəzərdə tutulmuşdur. AİHM-də məhkəmə qərarının icra olunmamasını konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi tanınmışdır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1-maddəsinin 1.6-cı bəndinə əsasən Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

Zemfira Səfərovanın Azərbaycana qarşı şikayət işi üzrə AİHM-nin 14 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı məhkəmənin çıxardığı qərarın icrası 6-cı maddənin məqsədləri üçün "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsi sayılmalıdır. Məhkəmə hesab edir ki, bu işdə yekun qərarın icrası ilə bağlı zəruri tədbirləri görməməklə dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsini heçə endirirlər.



Məhərrəməli Həmidov
Femida.az üçün

Açar sözlər:

Oxunub: 10667