İnzibati hüquq nədir?


14:28     16 Fevral 2016 huquqq1.png

İnzibati hüquq dövlət idarəetməsi prosesində yaranan ictimai münasibətləri tənzimləyir.


İnzibati hüquq idarə orqanlarının təşkil edilməsi və fəaliyyət göstərməsi onun iş formaları və metodları, dövlət qulluqçularının hüquq və vəzifələrini, habelə dövlət idarəetməsi sahəsində vətəndaşların və ictimai təşkilatların hüquqlarını və vəzifələrini müəyyən edir.

İnzibati hüquq münasibətlərinin xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlərdə hökmən müəyyən dövlət vəzifələrini yerinə yetirən dövlət idarəetmə orqanı iştirak edir. Onun səlahiyyətləri hökmlü səlahiyyətlər adlanır. Məsələn: həmin dövlət idarəetmə orqanı vətəndaşı məktəbə qəbul edə bilər, mənzilə köçməyə ona order verə bilər, şikayəti həll edə bilər, inzibati məsuliyyətə cəlb edə bilər.

İnzibati hüququn mühüm mənbələri bunlardır: Azərbaycan Respublikasının Konstitusiyası, Nazirlər kabinetinin qərarları, inzibati xətalar haqqında məcəllə, Nizamnamələr (məsələn: dəmir yol nizamnaməsi), dövlət komitetlərinin və baş idarələrin normativ xarakterli əmrləri, təlimatları və s.

İnzibati hüquq cəmiyyətin siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni həyatının inkişafına kömək edir, ictimai asayişin gözlənilməsini və mühafizəsini, dövlətin müdafiə qüdrətinin və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir.
İnzibati hüquq münasibətlərinin obyekti əksər hallarda insan fəaliyyəti, onların davranışıdır. Təşkilati-əmlak xarakterli münasibətlərdə inzibati hüquq münasibətinin obyekti müəyyən əmlakdır.

İnzibati hüququn sistemi iki hissədən: ümumi və xüsusi hissədən ibarətdir.

İnzibati hüququn ümumi hissəsində inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri, inzibati xəta və inzibati məsuliyyət, inzibati məsuliyyəti istisna edən hallar, inzibati tənbeh və inzibati tənbeh tətbiq etmə kimi ümumi nəzəri məsələlər öyrənilir.

Xüsusi hissədə isə ictimai münasibətləri tənzim edən konkret sahələr üzrə inzibati xətalar öyrənilir.

İnzibati hüququn prinsipləri aşağıdaklardan ibarətdir: insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi, qanunçuluq prinsipi, qanun qarşısında bərabərlik prinsipi, təqsirsizlik prezumpsiyası prinsipi, ədalətlilik prinsipi. İnzibati xətaların qarşısının alınması prinsipi.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
İnzibati hüquqda qanunçuluq prinsipi dedikdə, qanunvericiliyin tələblərinə əməl olunması, yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə məhkəmə və prokuror nəzarəti ilə şikayət etmək hüququ ilə təmin edilməsi başa düşülür. Bərabərlik prinsipi dedikdə, irqindən, milliyyətindən,dinindən, dilindən, mənşəyindən, cinsindən, əqidəsindən asılı olmayaraq inzibati xəta törətmiş şəxslərin qanun qarşısında bərabərliyindən və inzibati məsuliyyətə cəlb olunmasından söhbət gedir.


Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlıqlarını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətalann qarşısının almaqdan ibarətdir.

Hüquqda cinayət, mülki, intizam məsuliyyətləri ilə yanaşı, hüquq məsuliyyətinin digər bir növünü inzibati məsuliyyət təşkil edir.

Təqsirkarın (istər adi vətəndaş olsun, istərsə də vəzifəli şəxs) məsuliyyətin hansı növünə cəlb edilməsi üçün onun tərəfindən yol verilmiş qanun pozuntuluğunun xarakterini müəyyən etmək lazımdır. Buna görə də keçmiş əməl üstündə vətəndaşın hansı növ üzrə məsuliyyətə cəlb edilməsi və ona hansı məcburiyyət tədbirlərinin tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir. Hüquqda məsuliyyətin bir növünü təşkil edən inzibati məsuliyyət tədbirlərinin tətbiq edilmə qaydası və əsası inzibati qanunvericilikdə tənzim edilir. İnzibati məsuliyyətə cəlb etməyin əsasını inzibati xəta təşkil edir.

İnzibati xəta digər hüquq pozuntularından, xüsusilə cinayətdən tamam fərqlənir. Bu fərq başlıca olaraq ondan ibarətdir ki, cinayət inzibati xətaya nisbətən daha böyük ictimai təhlükəyə malikdir.

İnzibati xəta həmişə hüquqi akt ilə müəyyən edilmiş konkret davranış qaydasının pozulması deməkdir. İnzibati xətalar olduqca müxtəlifdir. Bura sanitariya, yanğından mühafizə və baytarlıq qaydalarının, ictimai qaydaların, hərbi qeydiyyat və pasport rejiminin, torpaq sahələrindən, meşələrdən, habelə su ehtiyyatlarından istifadə qaydalannın pozulmasını və s. aid etmək olar.

İnzibati məsuliyyət tədbirlərinin tətbiq edilmə qaydası və əsasən inzibati qanunvericilikdə tənzim edilir.

Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi zərurəti ondan yaranır ki, həmin hüquq pozan şəxs tərəfındən edilmiş əməl dövlətə və cəmiyyətə ziyan vurur. Müəyyən ictimai münasibətlərə (məsələn: ictimai təhlükəsizliyin, əhalinin səhhətinin qorunması ilə əlaqədar olan münasibətlərə) qəsd etmiş olur.

İnzibati hüquq pozan şəxs hüquqpozmanı törətdiyi vaxtda və yerdə qüvvədə olan qanunvericilik əsasında məsuliyyətə cəlb edilir.

İnzibati hüquqpozmaların qarşısının alınmasına və onlarla mübarizəyə dair münasbətləri nizamlayan sistemləşdirilmiş qanunvericilik aktı Azərbaycan Respublikasının İnzibatı xətalar Məcəlləsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 17402