Nəcməddin Sadıkov NATO təmsilçisi ilə görüşüb


00:21     17 Fevral 2016 sadikov.PNG

Bu gün Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan Baş Qərargah rəisi xüsusi qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial və davamlı mövqeyi Avratlantik təhlükəsizliyin bölünməzliyi məsələsini gücləndirir, regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. Biz, Zirvə toplantılarında Alyansın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə bir daha göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndiririk.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik N.Sadıkov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəinki regionda, eləcə də bütün dünyada sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.

Azərbaycan ilə Alyans arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyən Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahına son səfərini və keçirdiyi görüşləri də məmnunluqla xatırlayıb.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay uğurlu əməkdaşlığa, xüsusilə sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında mövcud proqramlar daxilində əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda cari ilin yanvarında Əfqanıstanda xidmətlərini bitirən Azərbaycan sülhməramlılarının bir qrupu ilə görüş keçirilib və xatirə şəkli çəkdirilib.

Açar sözlər:

Oxunub: 1171