Ünvanlı sosial yardım kimlərə verilir? - Hüquqi yardım


14:45     10 Mart 2020 sosial%20yardim4.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Vəkil Asif Abdullayev aztəminatlı ailələr üçün müəyyən olunmuş ünvanlı sosial yardımın məbləğini və verilmə qaydalarını Femida.az-a şərh etdi.

Vəkil bildirdi ki, ünvanlı sosial yardımın məbləği hər bir ailə üzvü üçün müəyyən olunmuş ehtiyac meyarının məcmusundan asılıdır:

“Ünvanlı sosial yardım aztəminatlı ailələr üçün təyin olunur. Bu hüquqa orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər”.

Vəkil Asif Abdullayev aztəminatlı ailələr üçün müəyyən olunmuş ünvanlı sosial yardımın hesablanması qaydasını aşağıdakı kimi izah etdi:

“2016-cı il üçün ehtiyac meyarı 105 manat təşkil edir. Sosial yardımın məbləği bu rəqəmlə bağlıdır. Belə ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Yəni, 105 manatdan aşağı olan hissə dövlət tərəfindən kompensasiya edilir.

Misal üçün: 4 nəfərdən ibarət ailənin orta aylıq gəliri 300 manatdır. 2016-cı il üzrə bir nəfərin ehtiyac meyarı isə 105 manat təşkil etdiyi üçün (105 X 4= 420), həmin ailənin tələbatı 420 manat təşkil edəcək. Belə olan halda, (420 – 300=120) həmin ailəyə 120 manat sosial yardım təyin ediləcək. Ailənin öz gəliri 300 manat olduğu üçün, dövlət tərəfindən onlara 120 manat yardım ödəniləcək və ailənin aylıq gəliri 420 manat təşkil edəcək”.

Vəkil sonda onu da qeyd etdi ki, sosial yardım 2 il müddətinə təyin edilir. Müavinəti Sosial Müdafiə nazirliyinin müvafiq qurumu təyin edir.

Femida.az

Açar sözlər:

Oxunub: 8046