Məşəl Siyəzəndə


22:52     05 İyun 2015 91639.jpg

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli şimal regionuna səfərini başa vurub.

Azərtac xəbər verir ki, iyunun 5-də Siyəzən sakinləri Oyunların məşəlini böyük təntənə ilə qarşılayıblar. Rayon ictimaiyyəti şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında məşəlin qəbul olunmasını böyük coşqu ilə izləyib.

Məşəli cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova qəbul etdi. Bundan sonra 11 məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2 min 700 metr məsafəni qət etməklə şəhərin mərkəzinə gəldilər. Mərkəzi kitabxananın qarşısında quraşdırılan səhnəyə qalxan boks üzrə Azərbaycan çempionu Ruslan Qasımov məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən siyəzənlilər bu tarixi hadisəni alqışlarla qeyd etdilər. Sonra qaydasız döyüş üzrə üçqat dünya çempionu İlqar Hüseynov Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovaya təhvil verdi.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izlədilər.

Bununla da Siyəzən birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 58-ci yaşayış məntəqəsi oldu.

Siyəzəndə məşəli qəbul edən cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova sevincini Azərtac-la bölüşdü: “Çox həyəcanlıyam. Mənə tapşırılan işin nə qədər şərəfli və məsuliyyətli olduğunu bilirdim. Qarşılanma mərasimində insanların üzündəki sevinc və iftixar hissini görmək mənə güc verdi. Məşəli böyük fərəhlə qəbul etdim və daşıdım. Doğma rayonumuzda 11 məşəlçidən biri olduğum üçün qürur duyuram. Bütün idmançılarımıza uğurlar arzulayıram. Xüsusilə cüdo idman növündə yarışan dostlarıma”.

Siyəzən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov birinci Avropa Oyunlarının Azərbaycan tarixinin ən qürurverici hadisələrindən biri olduğunu dedi: “Ölkəmizi təmsil edən idmançılar bu mötəbər turnirdə böyük heyətlə çıxış edəcəklər. Bu, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bizə verdiyi əlavə imkandır. İdmançılarımızın çox olması qazanacağımız medalların sayına da təsir edəcək. Əminəm ki, qızıl medalların sayına görə öndə gedən ölkələrdən biri olacağıq. Bu gün siyəzənlilər də birinci Avropa Oyunlarından pay aldı. Oyunların məşəli doğma şəhərimizdə alovlandırıldı. Bu möhtəşəm anlar siyəzənlilərin yaddaşında uzun müddət qalacaq”.

Sonra birinci Avropa Oyunlarının məşəli Xırdalan şəhərinə yola salındı.

Açar sözlər:

Oxunub: 1041